"Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar üçün olduqca önəmli xatırlatmadır. Avqustun 1-nin hər il ana dili günü kimi qeyd olunması həm doğma dilimizə bağlılığımızı daha da gücləndirir, həm də dilimizin bu günü və gələcəyi ilə bağlı fərdi və ümumi məsuliyyət hissimizi artırır. Çünki ana dilimizlə bağlı hər birimizin üzərinə düşən bəlli vəzifələr var. Bizim hər birimiz təkcə dilimizin daşıyıcısı yox, həm də qoruyucusu olmalıdır. Bizdən əvvəlki nəsillərin qoruyub saxladıqları və bizə miras qoyduqları Azərbaycan dilini gələcək nəsillərə daha gözəl bir şəkildə ötürmək bizim də vətəndaşlıq borcumuzdur".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, geosiyasi təlatümlərin yaşandığı, millətlərin bir-birilə mübarizəsinin yenidən gücləndiyi, ultra-qlobalizmin bütün milli dillərə meydan oxuduğu və ingilis dilinin hakim dilə çevrildiyi hazırkı mürəkkəb dünyada ana dilini layiqincə qorumaq və yaşatmaq elə də asan vəzifə deyil:
"Ancaq əcdadlarımız, ulularımız da dilimizi yaşatmaq üçün heç də az mücadilə aparmayıblar. Türk dillərinin aparıcı qollarından biri olan Azərbaycan türkcəsi son iki minillikdə böyük keşməkeşlərdən, sınaqlardan keçərək günümüzə yetişib. Ana dilimiz həmçinin uzun zaman fars və ərəb dilinin hökmranlığı ilə mübarizə aparıb və 14-15-ci əsrlərdən etibarən Qafqazlardan Kərkükə, Herata, Hələbə qədər nəhəng bir coğrafiyada yenidən öz aparıcı mövqeyini bərpa edə bilib. İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin yaradıcılığı Azərbaycan dilinin ədəbi qüdrətini ortaya qoydu. Şah İsmayıl Xətai isə biraz da irəli gedərək dilimizin siyasi statusunu yüksəltdi, Azərbaycan türkcəsi Səfəvi imperiyasında saray dilinə, dövlət dilinə çevrildi.
19-cu yüzildə isə çar Rusiyası tərəfindən müstəmləkəyə çevrilməyimizə baxmayaraq Azərbaycan dili Cənubi Qafqazın əsas ünsiyyət-kommunikasiya vasitəsi rolunu qoruyub saxlamağı bacarıb. Təsadüfi deyil ki, məşhur rus klassiklərindən biri Mixail Lermontov vaxtilə Cənubi Qfqazda (o cümlədən indiki Azərbaycan ərazisində) sürgündə olarkən dostu Rayevskiyə yazdığı məktubda bizim dilimizin bölgədəki aparıcı rolunu fransız dilinin 18-19-cu əsrlərdə Avropadakı hakim mövqeyi ilə müqayisə etmişdi: “Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda, ümumən Asiyada Azərbaycan dilini bilmək də bir o qədər əhəmiyyətlidir”.
Komitə sədri deyib ki, başqa bir rus yazıçısı və inqilabçısı Aleksandr Bestujev-Marlinski də XIX əsrdə Azərbaycan dilinin Qafqazda və Asiyada əsas ünsiyyət dili olduğunu qeyd edib:
"Marlinski yazırdı ki, “fransız dilini bilərək bütün Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, Azərbaycan dilini bilməklə də bütün Qafqazı gəzmək olar”. Əcnəbi qələm adamlarının Azərbaycan dili haqqında bu cür yüksək fikir bildirməsi və tarixi həqiqəti etiraf etmələri sözsüz ki, bu gün hər birimiz üçün olduqca qürurvericidir.
Cümhuriyyət dönəmində (1918-1920) ana dilimiz yenidən rəsmi dövlət dilimizə çevrildi və öz inkişafının növbəti mərhələsinə qədəm qoydu. Sövet hakimiyyəti illərində isə məhz Ulu Öndər Heydər Əliyev ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərib. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması həqiqətən də olduqca cəsarətli mövqe və ana dilimizə böyük xidmət idi. Ulu Öndər sonralar həmin hadisə ilə bağlı belə bir açıqlama vermişdi: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.
Müstəqillik dönəmində isə Ulu Öndər Heydər Əliyev yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərmana əsasən, həmçinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edilib. 2002-ci ildə isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bütün bunlar Heydər Əliyevin dövlət dilimizə olan münasibətinin, sevgisi və qayğıkeşliyinin təzahürüdür. Ulu Öndər həmişə deyirdi ki, dil hər bir millətin milliliyinin əsasıdır, ona görə də biz öz dilimizlə fəxr etməliyik".
Əlisahib Hüseynov qeyd edib ki, Heydər Əliyevin dövlət dilimiz ilə bağlı uzaqgörən, qayğıkeş siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən görülən işlərlə uğurla davam etdirilir:
"2013-cü ildə Prezidentin təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramı qəbul olunub. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adlı sözügedən sənəd Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasına yönəlik tədbirləri özündə ehtiva edirdi. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə dövlət dilimizin daim diqqət mərkəzində saxlanılmasını təmin edir.
Beləliklə, ana dilimizin inkişafı üçün bu gün olduqca geniş imkanlar mövcuddur. Güneyli soydaşlarımızdan fərqli olaraq biz bu gün öz ana dilimizdə heç bir basqılara, yasaqlara məruz qalmadan rahat-rahat danışa, yaza və təhsil ala bilirik. Bu, həqiqətən də böyük xoşbəxtlikdir. Ona görə də həm müstəqilliyimizin, həm də ana dilimizin qədrini bilməli, ona daim hörmət və qayğı ilə yanaşmalıyıq. İnanırıq ki, Güney Azərbaycanda yaşayan soydaşlarımız da bir gün mütləq müstəqilliyi dadacaq, doğma dilimizdə təhsil almaq imkanı qazanacaqlar. Ana dilimiz bizim birlik və həmrəylik körpümüzdür. Bütün dünya azərbaycanlıları məhz bu körpünün sayəsində bir araya gələ, böyük gücə çevrilə bilir. Gücümüz heç vaxt tükənməsin! Yaşasın, ana dilimiz!".
Süleyman