"Beynəlxalq hüququ zorlayan və ikili standartlardan çıxış edən ölkələr təkcə böyük dövlətlər deyil. Nə qədər qəribə görünsə də, hətta bəzi kiçik dövlətlər də beynəlxalq hüququn norma və prinsiplərinin bu və ya digər şəkildə pozulmasına yol verir, ikibaşlı siyasət yürütməyə çalışırlar. Biz bunun əyani nümunəsini hazırkı Ermənistanın hərbi-siyasi rəhbərliyinin davranışlarında müşahidə edirik".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamaqla beynəlxalq hüququn təməl prinsiplərini və sivil dünyanın fundamental dəyərlərini görməzdən gələn təcavüzkar Ermənistanın hazırkı iqtidarı 44 günlük İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrındakı lokal antiterror əməliyyatının nəticələrini düzgün dəyərləndirmək və sülhə xidmət edən konstruktiv siyasət yürütmək əvəzinə, imitasiya ilə məşğul olur, bir tərəfdən tez-tez sülh ritorikası ilə çıxış edərək “sülhsevər dövlət” imici formalaşdırmağa çalışır, digər tərəfdən isə həm havadarlarının vasitəsilə sürətlə silahlanaraq revanşizmə doğru meyllənir, həm də Qarabağdan qaçıb İrəvana sığınmış erməni separatçılarına riyakarcasına himayədarlıq edir:
"Sentyabrın 2-də Ermənistanın revanşist qüvvələrinin və gorbagor olmuş keçmiş qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazini bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarla çıxış etməsi, eləcə də “beynəlxalq təminat altında Qarabağa qayıdış” tezisinin yenidən ortaya atılması faktlarına rəsmi İrəvanın heç bir qınayıcı reaksiya verməməsi də bir daha onu göstərir ki, revanşistlər və separatçılar məlum addımları bilavasitə Ermənistan hakimiyyətinin “xeyir-dua”sı ilə və Qərbdəki havadarlarının (ABŞ, Fransa, Avropa İttifaqı) diktəsi ilə atırlar. Lakin Paşinyan iqtidarının ikibaşlı mövqeyi ilk növbədə Ermənistanın özü üçün təhlükəli nəticələr doğura bilər.
Məsələ burasındadır ki, rəsmi Bakı və Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan revanşist, separatçı qüvvələrin fəaliyyətinə son qoyulması ilə və eyni zamanda qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsi ilə bağlı dəfələrlə çağırışlar edib. Ancaq əfsuslar olsun ki, Ermənistan hökuməti nə revanşist, separatçı qüvvələrin fəaliyyətinin bloklanması istiqamətində, nədəki qərbi azərbaycanlılarının hüquqlarının təmin olunması yönündə gərəkən addımları atmağa səy göstərmir. Əksinə, rəsmi İrəvan qərbi azərbaycanlıların qayıdış hüququnu dananların fəaliyyətinə göz yumur, anti-Azərbaycan qüvvələrin fəallaşmasına rəvac verir. Bu da o deməkdir ki, sülhdən dəm vuran Ermənistan hökuməti Azərbaycana qarşı təxribatlarda maraqlıdır".
Komitə sədri deyib ki, bizim də İrəvanın destruktiv mövqeyini neytrallaşdırmaq üçün kifayət qədər geniş imkanlarımız var:
"Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən və özünü “mühacirətdə olan hökumət” elan edən revanşist-separatçı qüvvələrin himayədarı rolunda çıxış edirsə, buna adekvat cavab addımı olaraq Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökuməti təsis edilə bilər. Qərbi Azərbaycan hökumətinin təsis edilməsinin ardınca, müvafiq olaraq digər hüquqi-siyasi addımların atılacağı da şəksizdir. Belə ki, bu hökumət beynəlxalq birliyə müraciət edə, de-yure tanınması üçün təşəbbüs göstərə bilər.
Eyni zamanda Azərbaycanın yeni seçilmiş parlamentində “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması da mümkündür. Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması artıq belə bir təklifi səsləndirib. Bir sözlə, Ermənistanı reallıq hissinə qaytarmaq üçün rəsmi Bakının və Qərbi Azərbaycan İcmasının təsir rıçaqları çoxdur. İrəvan bunu istəyirsə, cavab addımlarımıza hazır olsun. Azərbaycan sahədə olduğu kimi masada da dəmir yumruğunu yerində və vaxtında endirməyi bacarır. Ancaq rəsmi Bakı mümkün qədər təmkinli davranaraq Ermənistanı konstruktiv siyasət yürütməyə çağırır".
Süleyman