
Arzuman Muradlı: "Heç kim qanundan kənar fəaliyyət göstərə bilməz"
“Tutduğu vəzifəsindən, cəmiyyətdə hansı mövqeyə malik olmasından asılı olmayaraq heç kim qanunlardan üstün deyil, hər kəs qanun qarşısında bərabərdir. Heç kimə müstəsna hüquq və səlahiyyət verilməyib ki, qanunları pozaraq dövlətə ziyan vursun”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı son günlər bir sıra icra hakimiyyətlərində həyata keçirilən həbslərə münasibət bildirərkən səsləndirib. O bildirib ki, icra hakimiyyətlərindəki son həbslər cəmiyyətə açıq mesaj verir ki, heç kim qanundan kənar fəaliyyət göstərə bilməz:
“Dövlətin hüquqi institutları bu prinsipi reallığa çevirməyə yönəlmiş ardıcıl siyasət həyata keçirir. Bu proses uzunmüddətli perspektivdə həm idarəetmənin keyfiyyətini yüksəldəcək, həm də vətəndaşların dövlətə olan inamını möhkəmləndirəcək. Ümumiyyətlə, bu proses təkcə konkret şəxslərin məsuliyyətə cəlb olunması kimi yox, həm də dövlət idarəetmə sistemində qanunun aliliyinin güclənməsi və hesabatlılığın artırılması istiqamətində mühüm siqnal kimi dəyərləndirilməlidir”.
Arzuman Muradlı onu da deyib ki, uzun illər ərzində vəzifəli şəxslərin toxunulmazlığı barədə ictimai təsəvvürlər mövcud idi:
“Lakin son illərdə həyata keçirilən hüquqi islahatlar və korrupsiyaya qarşı mübarizə tədbirləri göstərir ki, bu yanaşma artıq keçmişdə qalıb. Həbs edilən məmurların vəzifə statusu və səlahiyyət dairəsi nə olursa-olsun, qanun qarşısında bərabərlik prinsipi praktiki şəkildə tətbiq edilir. Çünki müasir dövlət idarəçiliyində əsas prioritetlərdən biri şəffaflıq və ictimai etimadın qorunmasıdır. Mərkəzi və yerli icra strukturlarında aparılan monitorinqlər, audit yoxlamaları və ictimai nəzarət mexanizmləri bu məqsədə xidmət edir”.
Süleyman










































