Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Xəmsə”nin türk dilinə tərcümə edilmiş nüsxələri Nizami Gəncəvi Muzeyinə hədiyyə olunub

“Xəmsə”nin türk dilinə tərcümə edilmiş nüsxələri Nizami Gəncəvi Muzeyinə hədiyyə olunub


Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliğini həyata keçirmək məqsədilə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairin “Xəmsə”nə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşri layihəsinə start verib. Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım tərəfindən beşliyə daxil olan “Sirlər xəzinəsi” və “İsgəndərnamə” əsərlərinin tərcümə və nəşri başa çatıb.

Newscenter.az xəbər verir ki, AMEA-nın Gəncə Bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu günlərdə Türkiyədə Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfransda və “Xəmsə”nin tərcümə olunan “Sirlər xəzinəsi” və “İsgəndərnamə” poemalarının təqdimatında iştirak edən AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov Azərbaycan Mədəniyyət Mərkəzi ilə AMEA Gəncə Bölməsi arasında imzalanan memorandumun tələbləri çərçivəsində adıçəkilən poemaların nüsxələrini Azərbaycan Mədəniyyəti Mərkəzinin adından Gəncə şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi Muzeyinə hədiyyə edib.

Ə.Muxtarov bildirib ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2026-cı ilin sonunadək “Xəmsə”yə daxil olan poemaların hər birinin Türk dilinə tərcümə olunması nəzərdə tutulub.

AMEA Gəncə Bölməsi ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən bu təqdimatlarda məqsəd iki qardaş ölkənin alimlərinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı ilə bağlı tədqiqatlara daha da yaxından dəstək olmaq, inkişaf etdirməkdir.
Xəbəri paylaş