
ABŞ-ın strateji neft ehtiyatları 319,5 milyon barrelə qədər azalaraq son onilliklərin ən aşağı səviyyələrindən birinə düşüb. Fevraldan bəri cəmi 5 ay ərzində ehtiyatlar 75 milyon barrel və ya 18% azalıb. Maraqlısı odur ki, bazara əlavə 40 milyon barrel neft buraxılması müzakirə olunsa da, son olaraq cəmi 500 min barrel satış həyata keçirilib. Sual yaranır, niyə?
Səbəb ondan ibarətdir ki, Vaşinqton ehtiyatların daha da azalmasının milli enerji təhlükəsizliyi üçün risk yaradacağını düşünür. Digər tərəfdən, Texas və Luizianadakı strateji rezervlərin saxlandığı infrastrukturun uzun müddət yüksək həcmdə istismarı texniki məhdudiyyətlər də yaradıb.
Xatırladaq ki, mart ayında Hörmüz boğazı ətrfında yaranan gərginlik fonunda Beynəlxalq Enerji Agentliyi qlobal bazara 400 milyon barrel neft çıxarmaq qərarı vermişdi. Bunun 172 milyon barreli ABŞ-ın payına düşürdü. İyun ayında əldə olunan müvəqqəti atəşkəs bazarlarda nikbinlik yaratsa da, iyulun əvvəlində vəziyyət yenidən gərginləşdi.
Bir tərəfdən də Hörmüz boğazından keçən tankerlərin sayı cəmi 24 saat ərzində 50% azalıb, yəni yarıbayarıya düşüb. ABŞ-ın koordinasiya etdiyi təhlükəsiz marşrutla boğazı keçən iri gəmilərin hərəkəti təhlükəsizlik səbəbindən tamamilə dayanıb.
Atəşkəsin ilk 10 günündə Hörmüzdən neft axını normal dövrün 80%-nə qədər bərpa olunmuşdusa, bu həftəki hücumlardan sonra bu göstərici dərhal 70%-in altına düşüb.
ABŞ indiyədək strateji ehtiyatlardan bazara neft buraxmaqla qlobal təklifdə yaranan boşluğu müəyyən qədər kompensasiya edirdi. İndi bu prosesin yavaşıması bazarda fiziki neft təklifinin nə qədər həssas olduğunu daha aydın göstərir. Bu da o deməkdir ki, bazarda real fiziki neft qıtlığı riski var.
Eldəniz Əmirov, iqtisadçı












































