
ABŞ maliyyə naziri Skott Bessent qarşıdan gələn G20 maliyyə nazirlərinin görüşündə həmkarları ilə İrana iqtisadi təzyiqin artırılması və Tehranla ticarət əlaqələrinə davam edən ölkələrə ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.
Newscenter.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin sözçüsü Reuters agentliyinə bildirib.
"Nazirin yaxın günlərdə G20 həmkarlarımızla keçirdiyi ikitərəfli görüşdə bu məsələnin qaldırılacağını gözləyirəm. Bu, İrana qarşı iqtisadi kampaniyamızın vacib bir aspektidir, ona görə də bütün G20 üzvlərinin bu məsələdə həmfikir olmasını təmin etmək istəyirik".-deyə açıqlamada qeyd olunub.
Məlumat üçün qeyd edək ki, avqustun 24-də ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana qarşı birtərəfli sanksiyalarını kəskin şəkildə sərtləşdirdiyini və Tehranın gəlir mənbələrini tamamilə kəsmək niyyətində olduğunu açıqladı. O, həmçinin ABŞ-ın yeni İran əleyhinə məhdudiyyətlərə əməl etməkdən imtina edən istənilən ölkəyə ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirdi. Nazir, bu cür ölkələrin dollara çıxışını kəsəcəyi ilə hədələdi.
Qeyd edək ki, G20 maliyyə nazirlərinin görüşü 31 avqust - 1 sentyabr tarixlərində keçiriləcək.
Anar








































