
"Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının müsbət sonluqla başa çatması regionun təhlükəsizliyi üçün tarixi bir fürsətdir. Tərəflər keçən müddət ərzində ilk dəfə real hüquqi məzmuna əsaslanan bir nöqtəyə gəlib".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə Azərbaycan və Ermənistan liderlərinin Əbu Dabi görüşünü şərh edərkən səsləndirib. O deyib ki, rəsmi Bakı və İrəvan arasında sülh müqaviləsini imzalamağa mane olan səbəblər texniki statusda olan məsələlər olduğundan Ermənistan tərəfindən gözləntilər sadəcə siyasi iradənin ortaya qoyulmasıdır:
"Tələblər bəllidir. Zəngəzur dəhlizi böyük perspektivlər vəd edən meqa layihədir. Onun reallaşması bütün hallarda Ermənistan üçün də iqtisadi dividendlər yaradır. Yəni, Şərqdən Qərbə uzanan nəqliyyat-kommunikasiya xəttinin bir hissəsində təmsil olunmaq şansı mövcuddur. Ən azından daha böyük bazarlara çıxmaq fürsəti formalaşır.
Bununla yanaşı, tarixin ən uğursuz diplomatik missiyalarından biri hesab edilən Minsk qrupunun hüquqi əsası olmayan fəaliyyəti Ermənistana nə qazandırır ki, ondan imtina hər hansı bir şərt səviyyəsində dilə gətirilsin".
Ekspert qeyd edib ki, məntiqsiz ritorikalar Ermənistanı hələ də icma təxəyyülü səviyyəsində saxlayır və dövlət olaraq formalaşmasına mane olur:
"Ümid edirəm ki, qarşı tərəf Azərbaycan diplomatiyasının onlar üçün açdığı tarixi fürsətdən yararlana biləcəklər. Çünki Cənubi Qafqazın yeni qlobal nizamda təmsilçisi məhz Azərbaycan olacaq. Rəsmi Bakının çoxvektorlu xarici siyasət strategiyası öz uğurunu artıq sübut edib".
Süleyman