
"Vaşinqton görüşünun nəticələri, Rusiyada və ələlxüsus, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən İranın mühafizəkar dairələrində ciddi narazılıqlara səbəb olmuşdur. Rusiya, XİN-nin sözcüsü Zaxarovanın dilindən diplomatik tərzdə narazılığını ifadə etsə də, İran isə, şəxsən ali dini rəhbər Seyid Əli Xamanei tərəfindən təhdidlər səsləndirdi. Azərbaycan müstəqilliyini bərpa etdiyi andan bəri, daim İran molla rejiminin müxtəlif təxribatları ilə üzləşib. 44 günlük müharibə və ondan sonra baş verən proseslər, mollaların maskasını cırdı".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Rusiya və İranın Vaşinqton bəyannaməsinə etirazını şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, keçmiş nazir, Vilayəti adında bir zat, “Zəngəzur Əmrikə əsgərlərinin qəbiristanlığına çevriləcək” kimi sərsəm, məsuliyyətsiz bəyanatlar verir:
"Elə bil ki, 12 günlük müharibədə balaca İsrailin pilotlu və pilotsuz uçan aparatlarından qaçıb bunkerlərdə gizlənən, dəstə-dəstə generalları, alimləri, siyasətçiləri, nüvə mərkəzləri məhv edilən bunlar deyildi. Ancaq, bu dəfə də yanılırlar. Hər iki tərəfdən müəyyən təxribatlar ola bilər. Peşəkar Silahlı Qüvvələrimiz, Təhlükəsizlik orqanlarımız buna hazır vəziyyətdədir".
Nəsib Məhəməliyev bildirib ki, Azərbaycanın həm Rusiyaya, həm də İrana qarşı kifayət qədər etibarlı immuniteti, təhlükəsizlik kəməri mövcuddur:
"Birincisi, hər iki ölkənin iqtisadiyyatı ciddi böhran dövrünü yaşayır. Son müharibələr nəticəsində əsas resurslarını itiriblər. Məntiqlə ikinci cəbhənin açılması onların sonunu gətirə bilər.
İkincisi, Vaşinqton Bəyannaməsində Zəngəzur dəhlizi rəsmən "Sülh və rifah naminə Tramp” körpüsü adlandırıldı. Hesab edirəm ki, bunun arxasında duran güc hər kəsə bəllidir.
Üçüncüsü, Azərbaycana istənilən xarici müdaxilə, qardaş Türkiyə ilə imzalanmış “Şuşa Bəyannaməsi”-nin işə düşməsi deməkdir. Əlavə olaraq, dost, nüvə ölkəsi Pakistanla hərbi müttəfiqlik barədə konkret anlaşmalarımız var.
Dördüncüsü, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki aktiv rolu, nüfuzu, uzaqgörən strateji düşüncə qabiliyyəti, düşmən qüvvələrin neytrallaşdırılmasını təmin edəcək. Regiona çoxdan gözlənilən sülh gələcək".
Süleyman