
2024-cü ildə Azərbaycanda dövlət satınalmalarının ümumi daxili məhsula (ÜDM) və dövlət büdcəsi xərclərinə nisbəti əhəmiyyətli dərəcədə artıb.
Newscenter.az xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının əməkdaşları Məcid Miriyev və Nərmin Cəfərova qeyd ediblər.
Onların sözlərinə görə, əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbəti 1,8 faiz bəndi, xərclərə nisbəti isə 5,3 faiz bəndi artaraq müvafiq olaraq 7,8% və 26,1% təşkil edib. Müəlliflər bildiriblər ki, bu artım həm ÜDM-in, həm də dövlət xərclərinin yüksəlməsi fonunda müşahidə olunub. Yeni qanunun qüvvəyə minməsi isə həm məbləğ, həm də metodologiya baxımından satınalmaların həcmini artırıb.
Qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda ümumilikdə 19602 dövlət satınalma proseduru baş tutub. Bu göstərici 2023-cü illə müqayisədə 57%, 2022-ci illə müqayisədə isə 62% artımı ifadə edir. Satınalmaların ümumi məbləği isə 9845 milyon manat olub ki, bu da müvafiq olaraq 30,5% və 45,2% artım deməkdir. Müsabiqə əsaslı satınalmaların sayı artsa da, məbləğ baxımından azalma qeydə alınıb. Əksinə, bir mənbədən satınalma üsulu məbləğ baxımından üstünlük təşkil edib.
2024-cü ildə bir mənbədən satınalma metodu üzrə 9781 prosedur keçirilib ki, bu da ümumi sayın 49,9%-ni təşkil edib. Bu üsulla aparılan satınalmaların məbləği 5355 milyon manat olub və ümumi məbləğin 54,4%-ni təşkil edib. Bu metodun geniş tətbiqi əsasən təcili tələbat (63,8%) və konkret təchizatçının unikal mövqeyi (42,6%) ilə izah olunur. Qeyd edilib ki, bəzən rəqabət şəraitində də “tək təchizatçı” əsası ilə bir mənbədən satınalma hallarına rast gəlinib.
Süleyman