Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə arasında "Abşeron" qazı üzrə uzunmüddətli müqavilə bağlanıb

Azərbaycan-Türkiyə arasında "Abşeron" qazı üzrə uzunmüddətli müqavilə bağlanıb


Türkiyə ilə Azərbaycan arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağından hasil edilən təbii qaz tədarükünə dair ümumi həcmi 33 milyard kubmetr olan yeni uzunmüddətli müqavilə imzalanıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar "Kanal 7" telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, müqaviləyə əsasən "Abşeron" yatağından ildə 2,25 milyard kubmetr olmaqla 15 il ərzində Türkiyəyə qaz tədarük ediləcək. Tədarük 2029-cu ildən başlayacaq və 2040-cı illərə qədər davam edəcək, A.Bayraktar qeyd edib.

"Mövcud infrastrukturumuzdan istifadə edərək bu qazı "Bakı-Tbilisi-Ərzurum" boru kəməri vasitəsilə ölkəmizə çatdıracağıq", - deyə nazir bildirib.

O vurğulayıb ki, uzunmüddətli müqavilələr və mənbələrin şaxələndirilməsi strategiyası Türkiyənin enerji təchizatının təhlükəsizliyini gücləndirir və qazın rəqabətqabiliyyətli qiymətlərlə təmin olunmasına imkan yaradır.

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatına görə, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyəyə 9 milyard 798,4 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 3,5 % çoxdur.

Hazırda Azərbaycan Rusiyadan sonra Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.

EPDK-nın məlumatına görə, Azərbaycan 2024-cü ildə Türkiyəyə 11 milyard 478,4 milyon kubmetr qaz (2023-cü ilin göstəricisi ilə müqayisədə 11,9 % çoxdur) ixrac edib.

Hazırda Türkiyə "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-1" və "Mərhələ-2" çərçivəsində hasil edilən Azərbaycan qazı ilə təchiz edilir.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib. Yataqda qaz həcminin 350 milyardkubmetr olduğu bildirilir.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Sazişə əsasən, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.(report)
Xəbəri paylaş