
Yalan bu zamanın tacıdır. Kim başına taxırsa, hökmran olur, kim taxmırsa, tapdalanır. Elə bil dövr dəyişib, meyarlar çevrilib, həqiqət ağır yükə dönüb, yalan isə yüngül qanada. Düz danışan adam bu çağda ya sadəlövh sayılır, ya da təhlükəli. Çünki həqiqət güzgüdür, baxanı qorxudur, çirkinliyi üzə çıxarır.
Mən həmişə çalışmışam düz danışım. Sözümü əyməmişəm, haqqı haqsızdan ayırmışam, səhvi səhv adlandırmışam. Amma bu düzlük mənə baha başa gəlib. Çox baha… Düz söz dediyim üçün “pis insan” olmuşam, haqlı irad bildirdiyim üçün “demaqoq” adlanmışam. Üzümə gülümsəyib “haqlısan” deyənlər, arxamca kölgəmi qılınclayıblar. Ən ağır zərbələr də məhz ordan gəlib, dost bildiklərimin səssiz xəyanətindən. Bu gün yalan tək-tük deyil, sistemlidir. Çayxanada yalandır, küçədə yalandır, kabinetdə yalandır, tribunada yalandır.
Bir başdanxarab çıxır, özünü qəhrəman kimi təqdim edir, asır-kəsir, vurur-tutur. Pul danışır, yalan hökm sürür. Həqiqətin səsi boğulur, vicdan küncə sıxılır. Sən də susursan. Susursan, çünki bu dövrdə susmaq yaşamaqdır. Ağrımaz başına sarımsaq bağlamaq istəmirsən… Amma yalanın bir ömrü var. Onun da səsi var, qoxusu var, rəngi var. Oxunur gözdən, hiss olunur sözdən. Nə qədər gizlətsən də, nə qədər bəzəsən də, bir gün açılır.
Dağın başından banlama,
Səni tanımayan yoxdur.
Dabbağın gönünə bələdik, dədə, Kim olduğunu bilirik.
Danışığın yalandır,
Sözlərin yalan!
Yüksəyə qalxmaq üçün neçə qapı döydüyünü, neçə “güngörməz”i öpdüyünü unutma. Dünən sürünənlərin bu gün gürzə ilana dönməsi təəccüblü deyil bu zamanda. Məxmər palan geyinmiş eşşəklər at kimi görünmək istəyir. Amma nə qədər bəzənsələr də, xasiyyət dəyişmir. Paltar dəyişir, maska dəyişir, mahiyyət yox.
Bəli, indi dövran yalanındır. Danış, qur, doldur planını. Amma unutma, zaman ən ədalətli hakimdir. O, gecikir, amma yanılmır. Bir gün pərdələri cırır, maskaları yerə salır, saxta taxtları çökdürür. O gün yalan susacaq, həqiqət isə, nə qədər yaralı olsa da ayağa qalxacaq.
Çünki biz pis olmasa, yaxşının qədrini bilmərik. Qaranlıq olmasa, işığın dəyəri bilinməz. Allah bütün düz olanları qorusun. Sözünü satmayanları, vicdanını girov qoymayanları, susaraq da olsa yalanın tərəfində dayanmayanları qorusun, inşallah.
Əli İbrahimov











































