
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb. Daha sonra liderlər arasında görüş keçirilib və bu görüş zamanı iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq kimi dəyərləndirilib.
Görüşdə siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, əlaqələrin gələcəkdə daha da genişləndirilməsi barədə razılıq əldə edilib. Səfərin ən mühüm və maraqlı hissəsi isə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki hərbi təlimi olub. Son dövrlər regionda gərginləşən geosiyasi vəziyyət fonunda Körfəzin ən güclü dövlətlərindən biri olan BƏƏ ilə Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın hərbi sahədə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır və beynəlxalq səviyyədə maraqla qarşılanır.
Bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur. Ölkələr arasında qarşılıqlı niyyət protokolunun imzalanması gələcəkdə daha geniş və sistemli hərbi əməkdaşlığa start veriləcəyi fikrini gücləndirir. Səfər çərçivəsində Azərbaycan Dövlət İqtisadiyyat Nazirliyinə məxsus Southern Gas Corridor CJSC şirkətinin qeyri-nəzarətçi payının BƏƏ-nin investisiya bölməsi XRG tərəfindən alınmasına dair sənədin imzalanması da xüsusi əhəmiyyət kəsb edir. Bu addım iki ölkə arasında enerji sahəsində bazar iştirakını və investisiya əməkdaşlığını artırmağa yönəlib.
Əbu-Dabi və Bakı arasında yüksələn enerji əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsi, eləcə də BƏƏ-dən olan iş adamlarının Azərbaycan iqtisadiyyatına daha çox investisiya yatırması əsas gözləntilər sırasındadır. Xüsusilə Azərbaycanın zəngin turizm potensialı BƏƏ investorları üçün cəlbedici hesab olunur. Bununla yanaşı, ərəb investorların işğaldan azad edilmiş bölgələrdə müxtəlif layihələr həyata keçirməsi də maraq doğurur. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələri xarici investorlar üçün “investisiya cənnəti” kimi qiymətləndirilir.
Səfər zamanı ikitərəfli münasibətlərlə yanaşı, regionda baş verən geosiyasi proseslərin, o cümlədən Yaxın Şərqdə yaşanan son hadisələrin də müzakirə edildiyi istisna deyil. Azərbaycan bu gün regionun aparıcı dövləti kimi beynəlxalq siyasətdə də əsas aktorlardan biri qismində çıxış edir. Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasında ölkəmizin son dövrlərdə oynadığı fəal rol beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında artan münasibətlərin gələcəkdə ən yüksək səviyyəyə çatdırılması hədəflənir. Bakı və Əbu-Dabi arasında qardaşlaşma əlaqələri üçün memorandumun imzalanması da bu strateji yaxınlaşmanın bariz göstəricisidir.
Zeynal Əmrəliyev, politoloq











































