
“Azərbaycan Respublikasının Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlərdə əməkdaşlığı dayandırmaq qərarı bu vaxta qədər qarşı tərəfin nümayiş etdirdiyi qeyri-obyektiv, antiAzərbaycan mövqeyindən qaynaqlanan addımdır. Əslində Azərbaycan tərəfi Avropa Parlamenti ilə əlaqələri hələ 2015-ci ildə dayandırmışdı. Ancaq sonradan AP-nin xahişi nəticəsində əlaqələr yenidən bərpa olundu. Daha doğrusu Azərbaycan tərəfi Avropa Parlamentinə obyektiv fəaliyyət göstərmək, antiAzərbaycan əhval-ruhiyyəsindən uzaq olmaq üçün şans verdi. Ancaq son proseslər, eləcə də bu günə qədər Avropa Parlamentinin ortaya qoyduğu yanaşma, mövqe bur daha təsdiq etdi ki, bu qurum islah olunmayıb və öz məkirli niyyətindən əl çəkmək fikrində deyil”.
Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Avropa Parlamenti öz fəaliyyət pirizmasından kənara çıxaraq Cənubi Qafqazda gərginlik yaratmağa, 44 günlük Vətən Müharibəsindən sonra regionda yaranmış yeni reallığa, sülh istiqamətində atılan addımlara mane olmağa çalışır:
“Avropa Parlamentinin bu günlərdə qəbul etdiyi “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə də məhz bu məqsədə xidmət edir. Sözügedən qurum demokratiya dayanıqlığı adı altında Ermənistana seçkiqabağı xaos, anarxiya gətirməyi hədəfləyib. Avropa Parlamentini əslində Ermənistanın demokratiyanın mövcud olub-olmaması düşündümür. Avroparlamentarilərin məqsədi odur ki, bu kimi təxribat xarakterli qətnamələrlə Ermənistandakı revanşist qüvvələri hərəkətə gətirib onları mövcud hakimiyyətə qarşı daha aqressiv etsin. Nəticə etibarilə Ermənistanda yaranmış gərgin siyasi vəziyyətdən dolayı Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində proseslər ləngisin”.
Millət vəkili onu da deyib ki, Avropa Parlamenti bir qayda olaraq hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib, antiAzərbaycan qətnamələr, qərarları ilə ölkəmizə qarşı düşmən münasibətdə olduğunu ortaya qoyub:
“Azərbaycana qarşı bu cür mövqe nümayiş etdirən bir qurumla hər hansı formada əməkdaşlığa da lüzum yoxdur. AP ilə əlaqələri dayandırmaqdan Azərbaycan heç nə itirməyəcək”.
Süleyman









































