
"Azərbaycan bütün yaxın və uzaq qonşıuları ilə qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir, bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində ortaya siyasi iradə qoyur. Sevindirici haldır ki, ayrı-ayrı dövlətlər də ölkəmizin əməkdaşlıq niyyətindən yararlanaraq regionda Azərbaycanla əlaqələrə xüsusi üstünlük verirlər. Bu sırada Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq xüsusi önəm kəsb edir. Bakı Mərkəzi Asiyanın hər bir dövləti ilə yaxın keçmişdə olduğu kimi, bu gün də yaxından əməkdaşlıq edir, bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırır. Bu sırada Türkmənistanla əlaqələr də xüsusi önəm daşıyır".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası münasibətlərin əsas hərəkətverici qüvvəsidir. Bir müddət əvvəl Türkmənistanın Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfər etdiyini, hətta səfər çərçivəsində türkmən liderinin Qarabağa da getdiyini deyən politoloq deyib ki, Prezidentlər arasında müntəzəm təmaslar qarşılıqlı etimadı artırır və regional məsələlər üzrə koordinasiyanı gücləndirir:
"Son dövrlərdə hər iki ölkə rəhbərliyi strateji tərəfdaşlığın inkişafına xüsusi önəm verdiyini dəfələrlə vurğulayıb. İki ölkə arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi, xüsusilə də enerji sektorunda dinamik inkişaf edən əlaqələr mövcuddur. Azərbaycan və Türkmənistan zəngin enerji ehtiyatlarına malik ölkələr kimi Xəzər regionunda mühüm tərəfdaşlardır. Tərəflər enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat dəhlizlərinin inkişafı və regional enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə çalışırlar. Xəzər dənizi üzərindən əməkdaşlıq və tranzit imkanlarının artırılması hər iki ölkənin iqtisadi maraqlarına cavab verir".
Politoloq qeyd edib ki, iki ölkə arasında ortaq tarixi, dil və mədəni köklər münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradır:
"Son dövrlərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, humanitar layihələrin reallaşdırılması və təhsil sahəsində əməkdaşlığın genişlənməsi xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Serdar Berdiməhəmmədovun Azərbaycana səfəri Azərbaycan–Türkmənistan strateji tərəfdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir".
Süleyman












































