Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Dövlət Vergi Komitəsinin nümayəndələri ilə görüş keçirilib

Özbəkistan Dövlət Vergi Komitəsinin nümayəndələri ilə görüş keçirilib



Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin nümayəndələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində olublar. Səfərin məqsədi ölkəmizin vergi sahəsində təcrübəsi ilə əyani tanışlıqdır.

Newscenter.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Özbəkistan Dövlət Vergi Komitəsinin idarə rəisi Firdavs Mahmudovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər Azərbaycan – Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıblar. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üzrə imzalanmış sənədlərin uğurlu icrası ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir.

Görüş zamanı “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş vergi alətləri, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətləri, vergi inzibatçılığının inkişaf prioritetləri müzakirə edilib. Özbəkistan nümayəndə heyətini maraqlandıran əsas məsələlərdən biri ölkəmizdə ƏDV inzibatçılığı sahəsində tətbiq olunan təcrübə olub. ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətində atılan addımlar və əldə edilən nəticələr nümayəndə heyətinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, 3 gün davam edəcək səfər zamanı qonaqlar ƏDV inzibatçılığı, ƏDV depozit hesabları, “ƏDV geri al” layihəsi, qanunvericilikdə bu məsələlərin tənzimlənməsi sahəsində atılan addımlarla bağlı ətraflı tanış olacaqlar.

Görüşdə işgüzar səfərlərin, aparılan müzakirələrin və görüşlərin ikitərəfli əlaqələrin inkişafında rolu xüsusi qeyd olunub və tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Süleyman
Xəbəri paylaş