Son günlər Avropa Parlamenti ilə ümumiyyətlə Azərbaycan Avropa münasibətləri müzakirələrə səbəb olub. Bu, həqiqətən də gündəmin maraqlı siyasi mövzularından biridir. Ölkə daxilində müəyyən insanlar bu münasibətlərin qurulmasında maraqlı tərəf kimi hakimiyyəti günahlandırmağa cəhd edirlər. Düşünürəm ki, bu mövqenin özü yanlışdır. Səbəblər isə çoxdur.
Hakimiyyətin siyasi strategiyasında daha uzağa planlaşdırılmış bir siyasi kurs hakimlik edir. Bunun obyektiv səbəbləri var. İlk öncə qeyd edək ki, Avropa qurumları Cənubi Qafqazda yaranan yeni reallıqlara qərəzli yanaşdılar. Hüquqları pozulmuş, zorakılığa, təzyiqə və soyqırıma məruz qalmış bir dövlətin haqlı gözləntilərini ədalət prinsipi ilə siyasi yanaşma tərzi nümayiş etdirərək qarşılaya bilmədilər. Buna səbəb, orada bəzi dövlətlərin demokratik prinsiplərə və dəyərlərə söykənmək əvəzinə, şəxsi təşəbbüslər və maraqların diktəsi ilə qeyri-etik mövqe sərgiləməsidir.
Biz bu münasibətləri istər Avropa, istərsə də Avrasiya ilə hələ də bitməyən, geniş miqyaslı siyasi maraqlar sistemində hegemonluq uğrunda mübarizələri dəyərləndirərək strateji addımlarımızı müəyyənləşdirməliyik. Hazırda hakimiyyətin siyasi idarəetmə mexanizmləri baş verən və gələcəkdə baş verəcək siyasi hadisələri analiz edərək ölkənin çıxarlarına və maraqlarına uyğun qərarlar qəbul edir.
Bu hadisələri şərh edərkən primitiv mülahizə və münasibətlər bildirmək yanlışdır. Sovet İttifaqı dağılandan sonra Avrasiyada yaranan “qara boşluq” hələ də kökündən həll olunmadan qalır. Yenidən Avrasiya imperiyasını yaratmaq istəyən güclərin qarşısında Amerikanın geostrateji məqsədləri dayanır.
Bu problem həllini tapmayıb və artıq bu problemi aradan qaldırmaq üçün həm də Ukrayna-Rusiya məsələsi hələ də davam edir.
Digər tərəfdən, Avropada hegemon dövlət olmaq uğrunda mübarizə gedir və Fransanın bu mübarizədə qalib gəlmək üçün atdığı addımlar göz qabağındadır. Əslində, bu fikir yeni yaranmayıb. Fransa çoxdan bu hegemonluğu ələ keçirmək üçün siyasi ideologiyaya başlayıb. 1995-ci ildə Alen Jüpe Fransanın dünya dövləti olması haqqında danışmışdı.
Amma Makron kimi bir dövlət başçısı bu ideoloji xətti həyata keçirə biləcəkmi? Bu, sual altındadır. Üstəlik, bu istəyin qlobal dünyanın siyasi maraqlarına uyğun olub-olmadığı da mübahisəlidir. Bu kontekstdə Almaniyanın öz maraqlarını və Amerika ilə münasibətlərini unutmaq olmaz.
Hələ bu siyasi mərkəzlərdə çoxşaxəli siyasi hədəflərə hesablanmış maraqlar toqquşması baş verir. Bu isə diktə edir ki, diplomatik yanaşma ağıllı və çevik şəkildə həyata keçirilsin. O cümlədən, gələcəkdə derjavaların planlarını nəzərə alaraq nizamlama prosesi həyata keçirilməlidir. Məsələyə bəsit yanaşmaq doğru deyil. Bu hadisələri dərindən dərk etməyənlər isə problemləri daha çox sadələşdirirlər.
Dəyərli soydaşlar, görün, dünyada nə qədər dəqiq və mürəkkəb siyasi məkan formalaşıb. Bu siyasi məkanda alovlanan istilikdəndə dövləti qoruyub yandırmamalıyıq. Eyni zamanda, yaranmış buzdan da dövləti qoruyub dondurmamalıyıq. Bunun üçün böyük ağla, dərin düşüncəyə və qətiyyətə ehtiyac var.
Bəzən verilən qərarlar bu gün üçün düzgün anlaşılmaya bilər. Amma əmin olun ki, bu qərarlar ölkənin və dövlətin gələcəyi üçün hesablanıb. Bu gün ölkə başçısı, cənab Prezident İlham Əliyev bu vacib və müsbət keyfiyyətləri özündə cəmləşdirərək xalqın etibarını və həmrəyliyini qazanmışdır. Bundan sonra da bunu daha da möhkəmləndirmək, dövlətçiliyimizə sədaqətimizi daim nümayiş etdirmək lazımdır.
Dünyada artıq geostrateji simalar və geosiyasi mərkəzlər daha çox önəm daşıyır. Bu statusları əldə etmək çətindir, qazandıqdan sonra isə qoruyub saxlamaq daha da çətindir. Bu yolda hamımıza uğurlar arzulayıram!.
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri