Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“BMT-nin Könüllülər Proqramı” təqdim olunub

“BMT-nin Könüllülər Proqramı” təqdim olunub


Newscenter.az.15.03.2019. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 15 mart 2019-cu il tarixdə BMT-nin Azərbaycan üzrə könüllülər proqramının təmsilçisi Kiyoun Kimin “BMT-nin Könüllülər Proqramı” mövzusunda təqdimatı keçirilib. Newscenter.az-a təhsil ocağından bildirilib ki, Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə İnstitutda ardıcıl seminarlar, görüşlər, “dəyirmi masa”lar təşkil olunduğunu vurğulayıb.

Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən İ.Əlimuradov gənclərin məqsədlərini müəyyən etmək, hədəflərinə çatmaq, özlərini daim inkişaf etdirmək üçün belə tədbirlərin keçirilməsinin zəruriliyini bildirib.

Təqdimatda BMT-nin Azərbaycan üzrə könüllülər proqramının təmsilçisi Kiyoun Kim “BMT-nin Könüllülər Proqramı” mövzusunda məruzə ilə çıxış edib. Kiyoun Kim könüllülük fəaliyyəti və onun məqsədləri haqqında ətraflı məlumat verib. O bildirib ki, hər il minlərlə könüllünü səfərbər etməklə yanaşı, “BMT-nin Könüllülər Proqramı” könüllülərin işini təşviq edir, könüllülüyü inkişaf proqramının tərkib hissəsinə çevirmək üçün tərəfdaşlarla çalışır, sülh və inkişafa öz töhfəsini verir.

Təqdimat mərasimində proqramın fundamental prinsipləri, könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün zənginləşdirilməsi və onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyinin təmin edilməsi barədə ətraflı məlumat verilib.
Xəbəri paylaş