Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il taxıl biçini zamanı kombayn verilməsində yeni qaydalar tətbiq ediləcək

Bu il taxıl biçini zamanı kombayn verilməsində yeni qaydalar tətbiq ediləcək


Newscenter.az.27.05.2019.
Kənd Təsərrüfatı Nazirliyi bu il taxıl biçini zamanı kombayn verilməsində problem olmayacağını bildirib.

"Report" xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, taxıl biçini zamanı problemlərin yaranmaması üçün bir sıra tələblər irəli sürülüb.

"Ötən illərdə kombayn çatışmazlığı ilə bağlı problemlər yaranırdı. Bu il Kənd Təsərrüfatı Nazirliyi olaraq problemlərlə bağlı analiz apardıq və müvafiq qərarlar verdik. Qəbul etdiyimiz qərarlar nəticəsində bu il həmin problemlərin yaşanmayacağını gözləyirik. "Aqrolizinq"in bazasında olan 595 kombayn operativ lizinqə verilib. Kombaynların lizinqə götürən mexanizatorlar qarşısında şərt qoyulub ki, ilkin mərhələdə 50 hektardan artıq sahələrdə biçin aparmasınlar. İkinci şərt odur ki, kombayn hansı rayon ərazisindən götürülübsə, biçin o ərazidə aparılsın. Məsələn, Ağsu rayonundan kombaynı götürən mexanizator Neftçalada biçin apara bilməz".

V.Hüseynov qeyd edib ki, ölkədə 1 milyon 83 min hektarda taxıl əkilib və taxıl sahələrinin 89 faizi 50 hektardan aşağıdır. "Yalnız 11 faizində 50 hektardan böyük taxıl sahələridir. Böyük fermer təsərrüfatlarına tövsiyyə edirik ki, öz kombaynlarını alsınlar, dövlətin sosial xarakterli layihələrindən yararlanmasınlar".

Nazirlik rəsmisi həmçinin hektara görə biçin qiymətinin maksimum həddinin də müəyyənləşdirdiyini qeyd edib. "Ötən il taxıl biçini hektara görə 30 manat təşkil edirdi, amma heç kim bu məbləğə həyata keçirmirdi. Tələbat yüksək olduğu üçün mexanizatorlar 40, 50, 70 manata da biçirdilər. Bu il hektara görə maksimum 38 manat müəyyənləşib və bundan artıq qiymət deyilə bilməz. Bundan əlavə kombaynlara GPS aparatı quraşdırılıb, dislokasiya ərazisindən kənara çıxmağına nəzarət olunur. Həm də yerlərdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, taxıl biçini ilə bağlı yaradılan operativ qərargahın əməkdaşları nəzarət edəcəklər. Əsas məsələ taxıl biçinini minimum itki ilə başa vurmaqdır. Taxılın əsas hissəsi Aran rayonlarındadır. Bu 50 faizdən çox deməkdir. Bu həftə arpa biçininə start verilib. Kombaynlara olan tələbat müəyyən edilib və kombaynlar dislokasiya yerlərinə göndərilib. Biçində hər hansı problemin yaranmayacağını gözləyirik. Mexanizator biçin qiymətində sərbəstdir, 30-32 manata da biçə bilər. Lakin 38 manatdan yüksək olmayacaq. Mexanizatorların böyük sahələrdə qalmaması üçün 6-7 manatla kiçik stimullaşdırma nəzərdə tutulub", - deyə V. Hüseynov bildirib.
Xəbəri paylaş