Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdədir



Newscenter.az.24.06.2019. Fövqəladə Hallar nazrinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində səfərdə olub.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, səfər tikintidə smeta sənədlərinin tərtibində qiymətqoymanın resurs metodunun tətbiqi ilə bağlı qardaş ölkənin təcrübəsini öyrənmək məqsədilə gerçəkləşdirilib.

Səfər zamanı Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, həmin nazirliyin nəzdindəki Ali Elm Şurasının və yerli bələdiyyələrin sosial və infrastruktur layihələrinin hazırlanması, maliyyələşdirilməsi və tikinti sahəsində fəaliyyət göstərən “İller Bankası Anonim Şirketi”nin rəhbərliyi ilə görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb.

Ali Elm Şurasının iş təcrübəsi ilə tanışlıq zamanı tikinti resurslarının cari qiymətlərinin monitorinqinin aparılması, tikintinin ehtimal olunan dəyərinin təyin edilməsi üçün tətbiq olunan resursların sərfiyyat normaları və digər normativlər, tikinti resurslarının kodlaşdırılması, kompüter proqramlarından istifadə etməklə smeta hesablamalarının avtomatlaşdırılması və digər müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Respublikasının yeni smeta-normativ və qiymətqoyma sisteminin gələcəkdə daha da təkmilləşdirilməsi işində qardaş ölkənin müvafiq təcrübəsindən istifadə üzrə əməkdaşlığın davam etdirilməsi və bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab olunub.
Xəbəri paylaş