Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir müavini: “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 430 mindən artıq fermer qeydiyyatdan keçib”



Newscenter.az.20.12.2019
. “İndiyədək pambığa görə fermerlərə yalnız məhsul subsidiyası verilirdi. 2020-ci ildən isə pambığa görə həm əkin, həm məhsul subsidiyası veriləcək. Yəni, fermer hər hektardan orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 220 manat əkin subsidiyası, 300 manat isə məhsul subsidiyası alacaq. Pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi bu sahənin inkişafını daha da təmin etmiş olacaq”. Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Füzuli və Beyləqanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsinə həsr olunmuş görüşlərdə deyib.

Newscenter.az-ın xəbərinə görə, nazir müavini bildirib ki, gələn ildən aqrar subsidiyaların elektron hökumət üzərindən verilməsi kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsində şəffaflığı və ünvanlılığı daha da artıracaq: “Fermerlərimiz EKTİS-də qeydiyyatdan keçib, özlərinə şəxsi kabinet yaratmalıdır. Bundan sonra şəxsi kabinetinə daxil olaraq əkinlərini bəyan etməlidir. EKTİS-in tətbiqindən sonra artıq kağız sənəd dövriyyəsi aradan qalxmış olacaq. Fermer hər il əkinini elektron sistemdə bəyan etməklə subsidiya alacaq. Hazırda bəyan prosesi sürətlə davam edir, payızlıq əkini bəyan edən fermerlərimizin sayını sürətlə artması göstərir ki, vətəndaşlar yeni sistemin tətbiqini müsbət qarşılayırlar”.

İlham Quliyevin sözlərinə görə, artıq 430 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçərək, özlərinə şəxsi kabinet yaradıblar: “Payızlıq əkinləri bəyan edən fermerlərin sayı isə 270 min nəfəri keçib. Bu rəqəm hər saat artır. Əkinlərin bəyan edilməsi prosesinin ən optimal vaxtda başa çatacağını gözləyirik. Bu prosesi sürətləndirmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərində, “ASAN xidmət” mərkəzlərində xüsusi xidmət pəncərələri yaradılıb, kəndlərdə səyyar xidmətlər həyata keçirilir, bölgələrdə maarifləndirmə işləri aparılır. Fermerləri bu prosesdə aktiv iştiraka çağırıram, onlar qeydiyyat və bəyan prosesində hər hansı texniki çətinliklə üzləşərlərsə, qeyd etdiyim xidmət pəncərələrinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər”.

Nazir müavini Kənd Təsərrüfatı Nazirliyinin EKTİS-in tətbiqinə məsul qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin 51 rayonda bu cür görüşlər keçirdiyini deyib: “Noyabrın 29-dan başlayaraq, 51 rayonda bu cür görüşlər keçirmişik. Bu həftə bölgələrdə keçirilən görüşləri başa vururuq. Hesab edirəm ki, bölgələrə səfərlərimiz, fermerlərlə görüşlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi prosesini sürətləndirməyə kifayət qədər təsir göstərib”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti sabah Qusarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirəcək. Görüşdə fermerlər, yerli icra hakimiyyəti strukturları rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Aqrar İnkişaf Könüllülərinin iştirakı nəzərdə tutulub.

Orxan
Xəbəri paylaş