Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti Azərbaycana gəlib



Newscenter.az.18.02.2020. Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua Azərbaycana gəlib. Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından daxil olan məlumata görə, onun Bakıya səfərində məqsəd yerli komandalarının Azərbaycan çempionatlarında iştirakını canlı izləməkdir.

Qonşu ölkə təmsilçiləri fevralın 18-21-də Super Liqada və Yüksək Liqada I dövrənin görüşlərini keçirəcəklər.

GVF rəhbəri komandalarının çempionatımızda mübarizəsi və Azərbaycan Voleybol Federasiyası (AVF) ilə işbirliyi barədə AVF-nin mətbuat xidmətinə danışıb.

O bildirib ki, artıq bir neçə ildir Gürcüstan və Azərbaycan voleybol federasiyası birgə əməkdaşlıq edir və hər iki ölkə bundan fayda görür: “Əvvəlki illərdə yalnız qadınlardan ibarət komandamız çempionatda iştirak edirdisə, bu mövsümdən kişilər arasında Azərbaycan çempionatında təmsil olunuruq. Belə gözəl şəraitin yaratdıqları üçün Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. İnanıram ki, dostluq münasibətlərimiz daha da genişlənəcək və hər iki ölkə böyük uğurlar qazanacaq”.

İ. Çaçua federasiyalar arasında əməkdaşlığın daha da möhkəmlənəcəyini inamla ifadə edib: “Bildiyiniz kimi, bu mövsüm qadınlar arasında keçirilən Azərbaycan Super Liqasının bir neçə oyunu Gürcüstanda keçiriləcək. Biz hər zaman Azərbaycan komandalarını ölkəmizdə qarşılamağa hazırıq.

Ölkə çempionatı bitdikdən sonra da iki federasiya arasında əməkdaşlığımızı davam etdirəcəyik. Bu, milli komandalarımızın beynəlxalq yarışlara daha yaxşı hazırlaşması üçün çox əlverişli olacaq. Düşünürəm ki, çempionat yekunlaşdıqdan sonra birgə təlim-məşq toplanışımız da olacaq. Buna isə mövsüm bitdikdən sonra aydınlıq gələcək”.
Xəbəri paylaş