Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xam neftin yüksək qiymətləri dövründə ARDNF-də 43 milyard ABŞ dollarından artıq məbləğdə vəsait toplanıb



Bu da ölkə iqtisadiyyatının ümumi həcminə yaxınlaşıb

Newscenter.az.13.03.2020
. Dünyanı bürüyən koronavirusu, onun iqtisadiyyata təsiri, eləcə də neft bazarında qiymətlərin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsir edib-etməyəcəyi ilə bağlı Dövlət Neft Fondu bir sıra vacib məqamlara aydınlıq gətirib.

Newscenter.azən xəbərinə görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan hesab edirlər ki, hazırda Çində başlayan koronavirus xəstəliyinin miqyasının daha geniş yayılması təhlükəsi fonunda dünyada iqtisadi inkişafla bağlı qeyri-müəyyənliklərin müşahidə edilməsi enerji məhsullarına olan tələbin azalması və xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnib. Fonddan bildirilib ki, yuxarıda qeyd edilən neqativ proseslərin Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə təsiri, ölkənin valyuta təklifinin formalaşmasında Fondun rolu və digər bu kimi məsələlər ətrafında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə çoxsaylı suallar yaranmaqdadır:

“Məlum olduğu kimi, ARDNF-nin əsas gəlirləri ABŞ dolları ilə ifadə edilən xam neftin və qazın satışından daxilolmalar hesabına formalaşır. ARDNF-nin xərc istiqamətlərində əsas yeri isə dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklər təşkil edir. Bu öhdəliklərin icra etmək məqsədilə Fond tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə xarici valyuta, yəni ABŞ dolları vəsaitləri manata konvertasiya edilir. Bu isə o deməkdir ki, ARDNF tərəfindən böyük məbləğdə ABŞ dolları valyutası mütəmadi olaraq valyuta bazarına çıxarılır. ARDNF-nin əsas məqsədlərinə gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması ilə yanaşı makroiqtisadi sabitləşdirmə, o cümlədən ölkə iqtisadiyyatının xarici iqtisadi təsirlərə qarşı qorunması da daxildir. Ötən müddət ərzində xam neftin yüksək qiymətləri dövründə ARDNF-də 43 milyard ABŞ dollarından artıq məbləğdə vəsait toplanıb ki, bu da ölkə iqtisadiyyatının ümumi həcminə yaxınlaşıb. Əlverişli iqtisadi mühit dövründə artan bu vəsaitlər iqtisadi şoklar zamanı “təhlükəsizlik yastığı”, o cümlədən dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir”.

Xam neftin qiymətlərinin aşağı olması halı davam edərsə bu ARDNF-nin dövlət büdcəsinə transfert ilə bağlı öhdəliyinin icrasına necə təsir edəcəyinə gəlincə fondda hesab edirlər ki, dövlət büdcəsinə transfert ilə bağlı xərclər ARDNF-nin öhdəliyidir və xam neftin qiymətlərindən asılı olmayaraq bu öhdəlik yerinə yetirilməlidir. ARDNF-nin 2020-ci il büdcəsində 11,56 milyard manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub ki, manat ilə ifadə edilən bu öhdəliyin icrası üçün Fond tərəfindən il ərzində ümumilikdə 6,8 milyard ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur. Cari ilin əvvəlindən bugünə qədər satışa ümumilikdə 1,8 milyard ABŞ dolları və yaxud 3,08 milyard manat həcmində valyuta çıxarılıb. Qalıq öhdəliyin icrası üçün Fond tərəfindən 5 milyard ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur ki, bu da xarici valyuta ilə bağlı kifayət qədər böyük təklifdir. Fondsan o da bildirilib ki, ARDNF-nin vəsaitlərinin xüsusi çəkisində hər zaman kifayət qədər likvid, yəni qısa müddət ərzində asanlıqla nağdlaşdırıla biləcək aktivlər mövcuddur.

Hal-hazırda əhəmiyyətli paya malik olan bu vəsaitlər ARDNF-nin büdcə öhdəliklərinin tam, dəqiq yerinə yetirilməsinin ən böyük təminatıdır.
Bəs görəsən, dünya maliyyə bazarlarında hal-hazırda müşahidə olunan təlatümlər, habelə dünya iqtisadiyyatının vəziyyəti ilə bağlı qeyri-müəyyənliklər ARDNF-də toplanan vəsaitlərə necə təsir göstərir?.

Neft Fondundan bildirilib ki, ARDNF-nin gələcək nəsillər üçün yığım funksiyası ilə bərabər, ölkə iqtisadiyyatının xarici təhdidlərə qarşı mühüm sığorta rolu vardır. Təbii ki, ARDNF-nin investisiya strategiyası formalaşdırılarkən bu önəmli vəzifələr tarazlaşdırılmış şəkildə nəzərə alınır. Bununla yanaşı xüsusilə vurğulamaq yerinə düşərdi ki, iqtisadi qeyri-müəyyənliklər birbaşa olaraq maliyyə bazarlarına təsir göstərməsinə baxmayaraq, bu təsirlər müxtəlif investisiya aktivlərində fərqli qaydada özünü biruzə verir. Belə ki, dünya iqtisadiyyatının gələcəyi ilə bağlı davamlı mənfi gözləntilər dərhal birjada kotirovka olunan səhm aktivlərinə öz neqativ təsirini göstərir. Eyni zamanda qeyd edilməlidir ki, iqtisadi qeyri-müəyyənliklər dövründə bəzi aktiv növlərinə, o cümlədən istiqrazlara, xüsusilə dövlət istiqrazlarına tələb əhəmiyyətli şəkildə artır ki, bu da onların qiymətlərinə müsbət təsir göstərir.

Hal-hazırda ARDNF-nin investisiya portfelində uzunmüddətli dövr ərzində yüksək gəlirlilik nümayiş etdirən və bununla yanaşı yüksək qiymət dəyişkənliyi ilə səciyyələnən səhmlər təxminən 10 faiz paya malikdir. Fondun vəsaitlərində istiqrazların xüsusi çəkisi isə təqribən 70 faiz təşkil edir. ARDNF həmçinin son zamanlar qabaqlayıcı tədbirlər çərçivəsində istiqraz aktiv növünün daxilində dövlət və yüksək reytinqli istiqrazların payını əhəmiyyətli şəkildə artırmışdır. Əlavə olaraq ARDNF-nin vəsaitlərində qızıl aktivi də yer alır ki, məlum olduğu kimi bu aktiv növü də qeyri-müəyyənliklər zamanı sığorta rolunu oynayır. Hal-hazırda bu aktiv növü təqribən 5,4 milyard ABŞ dolları ilə ümumi vəsaitlərin təxminən 12%-ni təşkil edir. Ümumi çəkisi təxminən 101,5 ton təşkil edən qızıl aktivləri ölkəyə gətirilərək ARDNF-nin xüsusi xəzinəsində saxlanılmaqdadır. ARDNF-nin vəsaitlərinin valyuta səbətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, burada əsas yeri, yəni təxminən 95%-lik hissəni ABŞ dolları, Avro, İngilis funt sterlinqi və yapon yeni kimi əsas ehtiyat valyutaları tutmaqdadır.
Xəbəri paylaş