Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin açılışı olub



Newscenter.az.14.03.2020. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin açılışı olub.

Newscenter.az xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Texniki Əməkdaşlıq Proqramı üzrə Milli Layihə çərçivəsində (AZB 8002) Azərbaycanda Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksi yaradılması qərara alınıb. Layihə üzrə Azərbaycan tərəfi qurğu və laboratoriyalar üçün bina, elektrik, su, kanalizasiya və digər kommunikasiya vasitələri ilə təmin etmək, AEBA isə qurğunu və 100 000 küri aktivlikdə Co-60 izotopu, kadrların tədrisi treninqi, ekspert yardımı ilə təmin etməyi öz öhdəsinə götürüb. Hər iki tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirib və nəticədə unikal qurğu yaradılıb. Sterilizasiya məqsədli qamma-şüalanma qurğusu beynəlxalq tələblərə tam uyğundur.
Qamma Sterilizasiya Kompleksi Abşeron rayonu Qobu qəsəbəsində yerləşir və 3 hektar ərazini əhatə edir. Qurğunun iş həcmi 38 m3/sutka və ya 1548 litr/saatdır. Qurğuya Co-60 radioizotoplarının ilkin yüklənən aktivliyi 300 000 küridir. Qurğunun maksimum yüklənmə tutumu 2 milyon küri təşkil edir.

Qamma Şüalanma Kompleksində neftçıxarma sənayesində, maşın və avadanlıqlarda istifadə olunan polimer-rezin məmulatlarının kimyəvi və mexaniki davamlılığını artırmaq üçün radiasion işlənməsi həyata keçirilə bilər. Həmçinin tibbi avadanlıq, bütün cərrahiyyə vasitələri, xüsusən də plastik-polimer materialları, birdəfəlik iynələr, təbii dərman bitkilərinin radiasion sterilizasiyasını etmək mümkündür.
Müasir dövrün ən aktual problemlərindən biri istehsal olunmuş qida məhsullarının saxlanmasıdır. Əksər ərzaq məhsulları uzun müddət saxlandıqda xarab olur. Bu gün ölkəmizdə yerli istehsal və idxal məhsullarının radiasion işlənməsi tələb olunur. Kompleksdə qida məhsullarının sterilizasiyası da aparıla bilər.

Pambıq, tütün, soya və başqa texniki bitkilərin toxumlarının qabaqcadan şüalanması bitkilərin xəstəliklərə davamlılığını və məhsuldarlığını artırması elmdə sübut olunub. Azərbaycan aqrar ölkə olduğundan, bu Kompleksdə respublikamızda istifadə olunan bütün toxumların səpindən əvvəl şüalandırılması zəruridir.

Qamma şüalanması qiymətli ağac növlərinin daxili həşəratlardan qorunması, onlardan hazırlanan mebellərin keyfiyyətinin və rəqabətə davamlılığının artırılması, dərman bitkilərinin uzun müddət saxlanması, həmçinin həşərat və mikrobioloji təhlükədən qorunmasında böyük əhəmiyyətə malikdir.

Azərbaycanda istehsalı artan kabel və polimer-plastik məmulatların hazır qablaşma halında qamma şüalandırılması ilə onların izolyasiya sisteminin davamlılığının artırılması mümkündür. Bu isə ixracda və daxili istifadədə rəqabətə davamlılığa şərait yaradır.

Qeyd edək ki, mədəni və tarixi abidələr, maddi-mədəni irsin qorunması sahəsində də Qamma şüalanması tətbiq oluna bilər.

Anar
Xəbəri paylaş