Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkdilli ölkələr hər zaman bu və ya digər prosesin önündə olub, onun flaqmanına çevriliblər



Newscenter.az.11.04.2020. “Aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsi indiki durumda olduqca vacib idi və mühüm əhəmiyyət kəsb edirdi”.

Belə bir açıqlama ilə çıxış edən Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov Newscenter.az-a deyib ki, zirvə görüşünün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi xüsusilə önəm kəsb edir və bu amilin özü də Azərbaycanın hər zaman, istər xoş. istərsə də dar günlərdə türk dünyası, bu coğrafiyaya daxil olan ölkələrlə birlikdə olduğunu bir daha təsdiqləyir:

“Elə zirvə görüşünün əsas ana mövzusunun koronavirus pandemiyası və ona qarşı mübarizə üsulları olması da bunun sübutudur. Dövlət başçımızın təşəbbüsü ilə baş tutan zirvə görüşü ölkələrin koronavirusa qarşı apardığı mübarizə təcrübəsinin bölüşməsi baxımından da əhəmiyyətli, mühüm görüş idi. Nəzərə alsaq ki, Azərbaycan dövləti koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində kifayət qədər geniş və əhatəli işlər görüb və Cənab Prezident İlham Əliyev də zirvə görüşündə həmin tədbirlər barədə ətraflı məlumat verdi, o zaman digər ölkələrin də bu istiqamətdə Azərbaycan təcrübəsindən yararlana biləcəklərini deyə bilərik”.

AVP rəsmisi onu da diqqətə çatdırıb ki, aprelin 10-da baş tutan zirvə görüşü beynəlxalq təşkilatlar çərçivəsində koronavirus probleminin müzakirə edildiyi ilk toplantılardan biri idi:

“Bu da onu deməyə əsas verir ki, türkdilli ölkələr hər zaman bu və ya digər prosesin önündə olub, onun flaqmanına çevriliblər. Bizlər həm xoş, həm də dar günün dostu, qardaşıyıq. Çünki bu ənənə, ona sadiqlik bizə tarixdən qalıb, ulu banbalarımızdan mirasdır”.

Arzuman Abdulkərimov onu da qeyd edib ki, zirvə görüşü postpandemiyadan sonrakı müddətdə qarşıda duran vəzifələr, onların müzakirəsi, yeni-yeni hədəflərin müəyyən edilməsi baxımından əhəmiyyətli idi: “Ümid etmək olar ki, ortaya olan siyasi iradə və görülən təxirəsalınmaz tədbirlər nəticəsində başda Azərbaycan olmaqla, bütün türkdilli dövlətlər koronavirus bəlasının qarşısını alacaq və qarşılıqlı əlaqələrimiz əvvəlki illərdə olduğu kimi daha da inkişaf edəcək”.

Mehman
Xəbəri paylaş