Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük sahəsində akademik və təlimlər üzrə yeni əməkdaşlıq imkanları müzakirə edilib



Newscenter.az.22.05.2020. Dövlət Gömrük Komitəsinin Akademiyasının təşəbbüsü ilə Türkiyənin Azərbaycandakı səfirliyi və Gömrük Akademiyası arasında iki ölkənin gömrük sahəsində akademik və təlimlər üzrə yeni əməkdaşlıq imkanları videokonfrans formatında müzakirə edilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, videokonfransda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin gömrük müşaviri Eser Çengel, səfirliyin əməkdaşı Cengiz Güneş, Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Akademiyanın rəisi Qulu Novruzov səfir Erkan Özorala Dövlət Gömrük Komitəsinin rəhbərliyinin salamını çatdırıb və Akademiyanın təşəbbüsünə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Akademiya rəisi Azərbaycan və Türkiyə arasında gömrük təlimləri sahəsində əvvəllər də bir sıra layihələrin reallaşdırıldığını bildirib.

Yeni tərəfdaşlıqların qurulmasının və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Qulu Novruzov Türkiyədə gömrük və əlaqədar sahələrdə akademik, təlim və tədqiqat proqramları üzrə ixtisaslaşmış ali təhsil müəssisələri ilə Gömrük Akademiyası arasında əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Müzakirələr zamanı Gömrük Akademiyası ilə Türkiyə Respublikasının Ticarət Nazirliyinin Tədris Mərkəzi, eləcə də digər müvafiq strukturlar arasında gömrük təlimləri və kadr hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Qarşılıqlı əməkdaşlığın Azərbaycan və Türkiyənin gömrük kadrlarının potensialının, bilik və bacarıqlarının artırılmasına xidmət edəcəyi, həmçinin iki qardaş ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüşdə Akademiyanın yaranma tarixi və fəaliyyəti, tədris olunan ixtisaslar haqqında da məlumat verilib. Artıq Akademiyada magistraturaya qəbulun da aparıldığını, növbəti tədris ilindən yeni "beynəlxalq ticarət və logistika" ixtisasının açılacağı diqqətə çatdırılıb.
Səfir Erkan Özoral irəli sürülən təşəbbüsə görə Gömrük Akademiyasına təşəkkürünü bildirib. Erkan Özoral Azərbaycan və Türkiyə arasındakı münasibətlərin "İki dövlət, bir millət" şüarı altında inkişafından məmnunluğunu bildirib. Səfir Dövlət Gömrük Komitəsi ilə səfirliyin geniş əməkdaşlığından söz açaraq vurğulayıb ki, Gömrük Akademiyası ilə Türkiyənin müvafiq qurumları arasında əlaqələrin yaradılmasına dəstək verməyə hazırdır. O, iki ölkə arasında bu sahədə akademik, tədqiqat və təlimlər üzrə yeni əlaqələr qurulmasına, əməkdaşlığın inkişaf etdirilməsinə, qarşılıqlı faydalı proqramların və layihələrin reallaşdırılmasına lazımı dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Səfirliyin gömrük müşaviri Eser Çengel əvvəlki illərdə həyata keçirilmiş birgə tədbirlər haqda məlumat verərək, Türkiyə Respublikasının Ticarət Nazirliyinin gömrük sahəsində təlim-tədris istiqamətində yeni əlaqələrinin qurulması və inkişaf etdirilməsi üçün çox önəmli bir potensialının olduğunu qeyd edib. Eser Çengel Gömrük Akademiyasına bu istiqamətdə başlatdığı təşəbbüsə görə təşəkkürünü bildirib, qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Videokonfransda qarşılıqlı əməkdaşlıq istiqamətində təkliflər geniş müzakirə olunub və növbəti onlayn görüşlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş