Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) 47-ci iclası keçirilib



Newscenter.az.30.05.2020. Mayın 29-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) növbəti - 47-ci iclası keçirilib.

Newscenter.az Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədova istinadən xəbər verir ki, ilk dəfə virtual şəkildə keçirilən iclasda ÖƏK-ə üzv olan təşkilatlar – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Heydər Əliyev Fondu, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ET Ağciyər Xəstəlikləri İnstitutu, Ümumdünya Səhiyyə Təşkilati, Dünya Bankı, Vərəm Əleyhinə QHT Koalisiyasına üzv olan QHT-lər, İİV/QİÇS sahəsində fəaliyyət göstərən QHT-lər, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Respublika Narkoloji Mərkəzinin nümayəndələri, eyni zamanda Fransanın Azərbaycandakı səfiri cənab Zaxariye Qross müşahidəçi qismində iştirak edib.

ÖƏK-in son bir illik uğurlu fəaliyyəti haqqında ÖƏK Katibliyi tərəfindən məlumat verildikdən sonra, Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri, Milli Məclisinin deputatı Soltan Məmmədov çıxışında son illər səhiyyə sahəsində aparılan uğurlu və davamlı islahatlardan bəhs edib və bütün dünyanı bürüyən COVİD-19 pandemiyası ilə mübarizə sahəsində ölkənin uğurlu siyasət yürütdüyünü, düzgün və vaxtında icra olunan tədbirlər nəticəsində nümunəvi ölkələr sırasında olduğunu diqqətə çatdırıb. Soltan Məmmədov müzakirələr zamanı qeyri-hökümət təşkilatlarının qanunvericilikdə ehtiyac duyulan dəyişikliklərlə bağlı müraciətlərinə cavab olaraq, Milli Məclisinin Səhiyyə Komitəsinin, Əmək və Sosial Siyasət Komitəsinin üzvü kimi lazım olan dəstəyi göstərməyə daim hazır olduğunu, vətəndaş cəmiyyəti nümayəndələrinin, Komissiya üzvlərinin təkliflərini müntəzəm olaraq Milli Məclis üzvlərinin diqqətinə çatdıracağını bildirib. Soltan Məmmədov ölkədə İİV, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə Vərəm və İİV/QİÇS sahəsində görülən işləri və əldə olunan nəticələri yüksək qiymətləndirərək, Qlobal Fondun COVİD-19-la mübarizə sahəsində də ölkələrə dəstək vermək üçün maliyyə vəsaiti ayırmasının təqdirəlayiq olduğunu qeyd edib. Bu maliyyə vəsaiti çərçivəsində seroloji-epidemioloji tədqiqatların aparılması və xüsusi lazımi qoruyucu vasitələrin alınması nəzərdə tutulan layihə təklifi müzakirə olunaraq Qlobal Fonda təqdim edilməsi üçün ÖƏK üzvləri tərəfindən təsdiq olunub.

Fransanın Azərbaycandakı səfiri cənab Zaxariye Qross çıxışı zamanı Fransanın Qlobal Fonda maliyyə yardımı ayıran ikinci ən böyük donor ölkə olduğunu iclas iştirakçılarının diqqətinə çatdıraraq, Qlobal Fondun əsas risk qrupları arasında hər iki xəstəliklə mübarizə istiqamətində apardığı uğurlu fəaliyyəti yüksək qiymətləndirib, Ölkə Əlaqələndirmə Komissiyasına bu sahədə aparılan uğurlu fəaliyyətə görə təşəkkürünü bildirib.

Ədliyyə Nazirliyinin rəhbərliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi, QİÇS-lə Mübarizə Mərkəzinin və ET Ağciyər Xəstəlikləri İnstitunun rəhbərliyi, ÜST-ün nümayəndəsi xəstəliklərlə mübarizə sahəsində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat veriblər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndəsi və digər iclas iştirakçıları Azərbaycanın ilk dəfə donor qismində çıxış edərək Qlobal Fonda göstərdiyi maliyyə dəstəy göstərməsinin yüksək qiymətləndirildiyini vurğulayıblar. İclasın sonunda ÖƏK üzvləri toplantının yüksək səviyyədə təşkilinə və vacib mövzular ətrafında maraqlı müzakirələr aparıldığına görə minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş