Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Fransa kimi Rusiyanın da həmsədrliyi “qısır diplomatiya”dan başqa bir şey deyil

ABŞ və Fransa kimi Rusiyanın da həmsədrliyi “qısır diplomatiya”dan başqa bir şey deyil


Newscenter.az.2.09.2020. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı səsləndirdiyi fikirlər əslində heç birimizdə təəccüb doğurmamalıdır. Həmin fikirlər Rusiyanın Qarabağ məsələsinin həlli ilə bağlı gerçək mövqeyinin göstəricisidir. Şübhəsiz ki, bu fikirlər bizi qane edə bilməz və bizim xeyrimizə deyil. Lavrov deyir ki, “Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ssenarilər yazmır, Azərbaycanla Ermənistanın öz aralarında danışa bilməsi üçün şərait yaradır. Ermənistan və Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin həllini tapmasında maraqlıdır. Bizdə olan təəssürata görə, hər iki tərəf vəziyyətin sabitləşməsində, regionda həmsədrlərin təşkil etdikləri görüşlərin davam etdirilməsində maraqlıdırlar”.

Rusiya XİN başçısının bu cür qeyri-səmimi ifadələri bizi necə qane edə bilər ki? Əvvəla, Rusiya xarici siyasət idarəsinin rəhbəri açıq-aşkar yalan danışır. Çünki onun iddia etdiyinin əksinə olaraq Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll yolunun tapılmasında qətiyyən maraqlı deyil. Münaqişənin həllində gerçəkdən maraqlı olan yeganə tərəf Azərbaycandır. Ermənistan rəhbərliyi isə özünün destruktiv hərəkətləri ilə münaqişənin həllinə yox, vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Nikol Paşinyanın avantürist açıqlamaları da buna əyani misaldır. Lavrov isə bütün bunları görməzdən gəlir.

Rusiya XİN başçısının gələcək diplomatlar qarşısında verdiyi qeyri-səmimi açıqlamalar eyni zamanda onu göstərir ki, ABŞ və Fransa kimi Rusiyanın da həmsədrliyi “qısır diplomatiya”dan başqa bir şey deyil. Görünən budur ki, Minsk qrupuna daxil olan vasitəçilər bundan sonra da bölgəyə turistik səfərlər etməklə baş qatmağa, danışıqların imitasiyasını yaratmağa və status-kvonun davam etdirilməsinə maksimum səy göstərəcəklər. Bu isə rəsmi Bakını əsla qane edə bilməz. Status-kvonun davam etməsi və ya etdirilməsi Azərbaycanın maraqlarına ziddir. Öz missiyalarını dərk etməyən həmsədrlər isə dolayısı yolla özlərini ifşa edir və işğalçı ölkənin yanında yer aldıqlarını göstərirlər.

Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Xəbəri paylaş