ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Eldəniz Səlimov: "Biz beynəlxalq hüququn işləmədiyi, dalana dirəndiyi bir nöqtəyə gəlib çatmışıq"

24-09-2020, 12:42



Newscenter.az.24.09.2020. Əzəli və tarixi torpaqlarını Azərbaycandan hər vəchlə qoparmaq məqsədi güdən Dağlıq Qarabağ münaqişəsi şübhəsiz ki, uzunmüddətli tarixi proseslər zəminində məqsədyönlü şəkildə əsası qoyulan məsələlərdəndir. Azərbaycana qarşı belə çirkin planların əsası hələ Sovet İttifaqı dövründən qoyulmuşdu.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu mənfur siyasət günümüzdə də davam edir və Ermənistan havadarlarının köməyi ilə işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məksunlaşdırmanı davam etdirirlər. Milli Məclisin deputatı Eldəniz Səlimov hesab edir ki, hazırda işğalçı ölkənin həyata keçirdiyi bu məkirli siyasət elə sovetlərdən qalma ssenarinin tərkib hissəsidir:

“Hər kəsə bəllidir ki, Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib. Bununla yanaşı Sovet İttifaqının 366-cı alayı azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynayıb. Həmin dövrdə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafı ölkəmizə qarşı nifrət bəsləyir və bütün imkanlarını ölkəmizi parçalamaq üçün səfərbər etməkdən çəkinmirdilər. Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi. Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşdular. Volskinin bu xidmətləri isə əvəzsiz qalmamış, ona havadarlıq edən erməni lobbisi tərəfindən mükafatlandırılmışdı. Təbii ki, sonralar onun Rusiya Sahibkarlar İttifaqının rəhbərliyinə gətirilməsi təsadüfi deyildi. Erməni rəhbərləri öz mənfur əməllərini daim havadarlarına arxalanmaqla həyata keçiriblər. Təkbaşına qaldıqda isə onların necə aciz olduğunu tarix də, bugünkü siyasi reallıqlar da göstərir. Öncəki rəhbərləri kimi Ermənistanın hazırki rəhbərliyi də ölkəni uçuruma aparmaqda davam edir. Paşinyanın addımlarında ancaq ciddi məsuliyyətsizlikdən danışmaq olar və o, bu addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı, çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu. Paşinyana isə erməni xalqı tərəfindən ümidlər böyük olsa da, o, öz acizliyini qısa müddətdə biruzə verib və artıq ölkəsində də ona olan münasibət birmənalı deyil. Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərərək yalvarıb və vaxt istəyib. Üstəlik, Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən birbaşa vaxt verilməsini xahiş edib. Bununla yanaşı, Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan piar məqsədilə istifadə etməyib”.

Deputat bildirir ki, hazırda isə Ermənistan öz məğlubiyyətini qələbə kimi qələmə verməyə çalışır. Eldəniz Səlimov onu da deyib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bu məqama xüsusi toxunaraq qeyd edib:

“Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər isə Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir? Ucuz və mənasız manipulyasiya xarakterli, ziddiyyətli, özünü və rəhbərlik etdiyi xalqı aldatmağa yönəlmiş belə addımların qayəsi ancaq özünü alçaltmaq ola bilər. Bu, erməni xislətinin bariz nümunəsidir: özlərindən məzlum, yazıq xalq imici düzəltmək, ağlaşmaq və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaq. Əgər müstəqil ölkəsənsə, nə üçün təkbaşına qərar vermirsən? Niyə hər dəfə canına qorxu düşən kimi hansısa təşkilata sığınırsan? Ona görə ki, Paşinyan Soros rejiminin məhsuludur və təbii ki, bu gün Ermənistanda söz sahibi də Sorosdur. Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Bu hallar bir və ya iki deyil və getdikcə də sayı artır. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. Ermənistanda iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Bizim bu məsələlərə hər dəfə toxunmağımız belə onların insaf və vicdan hisslərini oyatmır. Axı necə olur ki, məsələ Azərbaycan olunca bəyanat ardınca bəyanat verilir, ağızdolusu sanksiyalardan danışılır, Ermənistan daxil olmaqla az qala bütün dünyadakı real problemlər, insan hüquqlarının pozulması halları Azərbaycanla bağlı irəli sürülən qondarma iddiaların fonunda yoxa çıxır?! Azərbaycana münasibətdə ikili standartlar, sanki bu təşkilatların əsas siyasi xətlərindən birini təşkil edir. Paşinyan hakimiyyəti də bu münasibətdən istifadə edərək istədiyi şəkildə təxribatlarla məşğul olur”.


Millət vəkili deyib ki, dövlət başçısı yuxarıda qeyd etdiyi fikirlərlə Ermənistan hakimiyyətinin yalan və iftira dolu fiokirlər səsləndirdiyini bir daha dünyaya bəyan etmiş oldu. Eldəniz Səlimovun sözlərinə görə, dövlət başçısının dediyi kimi təxribat ümumilikdə Ermənistan tərəfinin xarakterinə çevrilib və düşünürəm ki, nəinki son zamanlarda, hətta bütün dövrlərdə biz sistematik olaraq bu halları görürük:

“Bu qəbildən olan ən əsas məsələ Ermənistanın faktiki olaraq danışıqlara getməməsidir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub, çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Minsk qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər. Digər tərəfdən, Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Buna baxmayaraq, Paşinyan rejimi bunu şüurlu şəkildə bilərəkdən edir və Azərbaycanı təxribata çəkir. Bu kimi faktlara xüsusilə beynəlxalq qurumlar biganə qalmamalıdırlar. Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsinin özü də növbəti bir təxribat, aparılan danışıqlar prosesinə, ATƏT və MİNSK qrupu kimi təşklatların münaqişənin həlli istiqamətində gördüyü işlərə hörmətsizlik və siyasi dələduzluqdur. Bu hərəkətlərə həmin təşkilatların ən yuxarı rəhbərliyi səviyyəsində münasibət bildirilməli, onlar ciddi qınaq obyektinə çevrilməlidir”.

Deputat diqqətə çatdırıb ki, dövlət başçısı Ermənistanın açıq-aşkar oyun oynadığını bu fikirlərlə bir daha təsdiqləyib və qəti, haqlı olaraq İrəvanın siyasətini tənqid edib:

“Erməni tərəfinin təxribatları bunlarla da bitmir. Danışıqlar prosesinin getdiyi bir vaxtda onlar hansısa komediya tipli təlimlər keçirirlər, silahlı münaqişəyə cəhdlər göstərirlər. Bu qəbildən olan iyul hadisələri də açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq şəkildə bildirib ki, atəşkəsi məhz Ermənistan tərəfi pozub. İyul təxribatından sonra avqust tayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub. Bütün bunlar göstərir ki, Ermənistanla konstruktiv danışıqlar aparmaq, hansısa uzlaşmaya və razılığa gəlmək mümkünsüzdür. Ermənistanın məqsədi danışıqları pozmaq, təxribata cəlb edərək Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Erməni tərəfinin bütün münaqişə dövründə apardığı bu siyasətə beynəlxalq təşkilatlar artıq öz adı ilə müraciət etməli, birmənalı şəkildə törətdiyi təxribatlara görə Ermənistan və onun rəhbərliyindən hesabat tələb etməlidir”.

Eldəniz Səlimovun sözlərinə görə, Cənab Prezident Ermənistanın tutduğu siyasi mövqeyin nəticələrini göz önündə tutaraq haqlı olaraq qeyd edir ki, bu cür təxribatlar müstəvisində danışıqlar haqda danışmaq sadəcə məsuliyyətsizlikdir: “Ölkə başçısının son çıxışları konkret və qətidir. Azərbaycan artıq mənasız danışıqlar prosesinin uzanmasını kənardan izləmək niyyətində deyil və biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Cənab Prezident xüsusilə beynəlxalq hüququ əllərində bayraq edib müharibə versiyasından yayınmağımızı tələb edən bəzi siyasi qüvvələrə də öz sözünü, mən deyərdim, eyni zamanda həm də Azərbaycan xalqının sözünü açıq şəkildə çatdırdı. Biz beynəlxalq hüququn işləmədiyi, dalana dirəndiyi bir nöqtəyə gəlib çatmışıq və bunun günahkarı təbii ki, biz deyilik. Ermənistan və onun havadarları, beynəlxalq təşkilatların qeyri-işlək mexanizmləri və ikili standartlarıdır. Bizim haqlı olduğumuz hər kəsə bəllidir və yalnız bir şərtimiz var: ermənilər işğal edilmiş ərazilərimizdən qeyd-şərtsiz və tam çıxmalıdırlar. Bu BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapır. Buna baxmayaraq, Ermənistan öz mənfur siyasətindən əl çəkmək fikrində deyil. Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın bölgələrdə qüvvələrin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Ermənistan bu yolla təkcə bizim üçün yox, bütün region üçün təhlükə mənbəyinə çevrilib. Azərbaycanın tam hüququ var ki, öz ərazi bütövlüyünü təmin etsin və Ermənistanın təxribatlarını neytrallaşdırsın. Təbii ki, əgər Ermənistan haqsız olaraq beynəlxalq hüququ heçə sayırsa, Azərbaycan da haqlı olaraq beynəlxalq hüquqdan imtina edərək öz ərazi bütövlüyünə qarşı atılan addımlara cavab verəcəkdir. Bizə qarşı ciddi təxribat törədilirsə, onda bizim üçün də heç bir məhdudiyyət və Ermənistan ərazisinə keçmək üçün heç bir hərbi maneə olmamalıdır. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün bunun nəticələri çox ağır olacaq”.

Anar

Oxşar xəbərlər
SON XƏBƏRLƏR