ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bayden Trampdan nə ilə fərqlənəcək?

20-01-2021, 19:26

Bayden Trampdan nə ilə fərqlənəcək?


Newscenter.az.20.01.2021. Cozef Bayden prezident səlahiyyətlərinin icrasına başlayır. O keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcək. Baydenin xarici siyasəti necə olacaq?

Birincisi, Bayden Trampdan fərqli olaraq İranla nüvə anlaşmasına yenidən qayıtmaq istəyir. Bu baş verərsə, bölgədə gərginlik və müharibə ehtimalı azalacaq. ABŞ-la İran arasında gərginliyin azalması Azərbaycanın da maraqlarına uyğundur. Çünki Bakı Vaşinqtonla Tehran arasında seçim etmək istəmir. Azərbaycan həm İran, həm də ABŞ-la əməkdaşlığını davam etdirmək istəyir.

İkincisi, Bayden Trampdan fərqli olaraq NATO ilə əlaqələrə əhəmiyyət verəcək. Donald Tramp digər NATO ölkələrini ittiham edirdi. O deyirdi ki, üzv ölkələr NATO-ya Amerika qədər maliyyə ayırmalıdırlar. Məsələn, Tramp deyirdi ki, nəyə görə Amerika Almaniya Rusiyadan qorumalıdır. Almaniya Rusiyadan az alır. Bayden Avropadakı tərəfdaşlarıyla yenidən normal münasibətləri bərpa etməyə çalışacaq.

Üçüncüsü, Bayden Trampdan fərqli olaraq miqrasiya siyasətini yumşaltmaq istəyir. Donald Tramp Amerikanın qapılarını miqrantlara bağlamışdı. Bayden isə qapıları miqrantlara açmaq istəyir. Bundan da milyonlarla insan istifadə etmək istəyir. Ancaq milyonlarla insan Amerikaya daxil olarlarsa, bu Vaşinqtona siyasi və iqtisadi problemlər yaradacaq.

Bəs Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?

Bayden konqresmen olarkən erməni lobbisi ilə sıx münasibətləri var idi. Bayden Konqresdə Azərbaycan əleyhinə qərarlar qəbul edib. Bayden Dağlıq Qarabağdakı erməni separatçılarına birbaşa maliyyə dəstəyinin tərəfdarı olub. Halbuki, Amerikadan başqa dünyanın heç bir digər parlamenti Dağlıq Qarabağın erməni separatçılarına maliyyə yardımı ayırmayıb.

Bayden administrasiyasına erməni mənşəli iki Amerika vətəndaşını təyin edib. Bu təyinatlar Ermənistanla sevinclə qarşılanıb. Müharibədə məğlub olan Ermənistanın Baydenə ümidlər var. Bu ümidlər müharibə günlərində də var idi. Ancaq ABŞ yalnız Ağ Evdən ibarət deyil. Amerikanın idarə edilməsində Ağ Ev və Konqreslə yanaşı Pentaqon və Dövlət Departamenti də xüsusi rol oynayır. Bu iki qurum isə Amerikanın milli və təhlükəsizlik maraqlarını əsas tutur. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığı diqtə edir. Amerika üçün dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla əməkdaşlıq faydalıdır.

Azərbaycan bu ildən başlayaraq öz qazını Avropaya nəql etməyə başlayıb. Amerika Avropa ölkələrinin qaz asılılığını azaltmasını istəyir. Bu asıllığın azalmasında Azərbaycan rol oynayacaq. Bu isə Amerikanın maraqlarına uyğundur. Digər tərəfdən müsəlman ölkəsi olan Azərbaycanın İsraillə siyasi və hərbi əlaqələri də Vaşinqton üçün faydalıdır. Baydenin ermənilərə simpatiyası olsa da, Ermənistanın Rusiyadan asılı olduğunu diqqətə almaya bilməz. Rusiya hərbçiləri Dağlıq Qarabağda yerləşib və separatçılarla əlbir hərəkət edir. Bayden ermənipərəst olsa da, Rusiyanın ən sərt tənqidçilərindəndir. Deməli, Bayden ABŞ prezidenti olaraq Rusiyadan asılı olan Ermənistana açıq-aşkar dəstək verməyəcək. Vaşinqtonun Bakı ilə münasibətləri əvvəlki kimi Dövlət Departamentinin və Pentaqonun kurasiyasında olacaq. Bu Azərbaycan üçün məqbuldur.

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri

Oxşar xəbərlər
SON XƏBƏRLƏR