Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Monitorinq Mərkəzi region üçün sülh və əməkdaşlıq perspektivi baxımından mühüm əhəmiyyətə malikdir



Newscenter.az.31.01.2021. Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması region üçün sülh və əməkdaşlıq perspektivi baxımından mühüm əhəmiyyətə malikdir. Çünki ATƏT-in Minsk qrupunun 30 ildə həll edə bilmədiyi münaqişəni Azərbaycan BMT TŞ qətnamələrini 44 gün ərzində yerinə yetirməklə həll etdi. Lakin müharibədən sonrakı dövrdə bölgədə vəziyyəti daimi nəzarətdə saxlayacaq xüsusi mərkəzə ehtiyac duyulurdu. Elə Ermənistanın imza atdığı kapitulyasiya sənədində bu barədə xüsusi qeydlər yer almışdı.

Məhz 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatın 5-ci bəndinə əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulurdu. Eyni zamanda bu məqsədlə Türkiyə və Rusiya arasında Birgə Mərkəzin yaradılmasına dair razılıq əldə edilmişdi. Nəticədə region üçün vacib olan həmin birgə mərkəzin qurulmasına nail olundu.

Monitorinq Mərkəzi regionda çoxşaxəli əməkdaşlıq üçün yeni imkanlar açır. Heç şübhəsiz ki, fəaliyyətə başlayan Mərkəzdən gözləntilər çoxdur, çünki birgə monitorinq mərkəzinin əsas hədəfi müharibədən yenicə çıxmış regiondakı vəziyyəti nəzarətdə saxlamaq olacaq. Bu mənada düşünürəm ki, Birgə Mərkəz Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsinin, mümkün insidentlərin qarşısının alınmasının, həmçinin araşdırılmasının təmin edilməsi üçün effektiv nəzarət mexanizmi rolunu oynayacaq.

Hazırda bölgədə yeni geosiyasi reallıqlar yaranıb və 44 günlük müharibədən sonra regiondakı geosiyasi vəziyyət xeyli dəyişib. Məhz bu kontekstdə Türkiyənin təmsilçilərinin azad olunmuş ərazilərdə xidmətə başlamasını yeni geosiyasi reallığın uğurlu nəticəsi kimi də qiymətləndirmək olar. Bu reallığı cənab Prezident İlham Əliyevin praqmatik siyasəti, Azərbaycan-Türkiyə tərəfdaşlığı yaradıb. Günü-gündən güclənən bu tərəfdaşlıq regionda yalnız təhlükəsizliyin deyil, sülhün də təminatına zəmin yaradır. İki ölkənin müharibədən sonrakı dövrdə birgə addımlaması ümumilikdə Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir.

Birgə mərkəzin yaradılması və aktiv fəaliyyətə başlaması Azərbaycan Prezidentinin irəli sürdüyü yeni əməkdaşlıq formatının reallaşması istiqamətində də növbəti uğurlu addımdır. Bölgə ölkələri regionda nəqliyyat dəhlizlərinin və arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaq, bununla da Azərbaycanın geosiyasi mövqeyi daha da möhkəmlənəcək.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş