ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Baydenin Münhendəki açıqlamasına Rusiyanın Gümrü ilə cavab mesajı

23-02-2021, 09:27



Newscenter.az.23.02.2021. Məğlub Ermənistanın ilk yeni müdafiə naziri olan Vaqarşak Arutyunyan Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı fikir bildirib. O, Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazasının bütövlükdə Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsi olduğu üçün Ermənistanın həmin bazanın genişləndirilməsi və potensialının artırılması ilə bağlı maraqlı olduğunu bildirib.

Məlumat üçün deyim ki, bu şəxs Robert Köçəryanın zamanında da, 1999 və 2000-ci illərdə bir ilə yaxın müdafiə naziri olub.
Məğlubiyyətə uğramış, daxildə baş verən siyasi çəkişmələrdən və təlatümlərdən başı açılmayan Ermənistan bu bəyanatla nə demək istəyir? Əslində bu bəyanat həm ölkə əhalisinə, həm də beynəlxalq aləmə hesablanmış bir bəyanatdır. Bununla məhv və darmadağın edilmiş ordunun yenidən təşkil edilməsi və gücləndirilməsi mesajı verilir cəmiyyətə. Dolayı yolla müharibə çağırışları edən revanşist quvvələrin pafos dolu bəyanatlarına cavab verilir. İnsanlara izah etməyə çalışırlar ki, bu gün ordu nə ki, müharibə etmək, heç ona cəhd etmək iqtidarında da deyil. Təbii ki, bununla da Paşinyan əslində müharibə etmək üçün deyil, hakimiyyətini gücləndirmək üçün zaman qazanmağa çalışır. Yeri gəlmişkən, elə revanşist müxalifətin süni müharibə çağırışlarının özü də müharibə etməyə yox, hakimiyyətə gəlməyə hesanlanıb!

Bu cür bəyanatın səsləndirilməsi ilə bağlı ən maraqlı məqamlardan biri də Rusiyanın mövqeyi ilə bağlıdır. Çünki, hazırda Rusiya tərəfinin razılığı olmadan Ermənistan rəsmi olaraq belə bir fikir səsləndirə bilməz. Bəs belədirsə, Rusiyanın məqsədi nə ola bilər?!

İlk öncə, onu qeyd etmək lazımdır ki, rus sülhməramlı korpusunun şəxsi heyəti əsasən Gümrüdəki bazadan gətirilib. Ona görə də, uzun illər ərzində Rusiya üçün daha çox Türkiyəyə qarşı prioritet təşkil edən Gümrünü yenidən doldurmaq lazımdır. Bunun üçün formal və süni də olsa Ermənistan dövlətinin bunda maraqlı olmasına dair bəyanatına ehtiyac var idi. Görünən odur ki, Ermənistan siyasi, iqtisadi və hərbi asılılığını daha da genişləndirməkdə maraqlıdır.

Digər bir məqam isə, regionda gedən proseslərlə və Qərbin cənubi Qafqaza dair planları ilə bağlı ola bilər. Təsadüfi deyil ki, bir neçə gün öncə ABŞ-ın yeni dövlət başçısı Co Bayden Münhen Təhlükəsizlik konfransında ciddi mesajlar verib dedi: “Hamıya deyirəm: Amerika qayıtdı! Transatlantik İttifaq geri döndü və geri baxmayacağıq!” Baydenin sözlərinə görə Natonun istənilən üzvünə qarşı atılan hər bir addımın cavabı layiqincə veriləcək!

Azərbaycanın da daxil olduğu regionda sabitliyin və təhlükəsiz şəraitin təmin olunmasında maraqlı olan Qərb Rusiyanın buradakı hərbçilərinin sayını artırmasından əndişələnir. ABŞ-ın rəsmi mövqeyindən də anlamaq olur ki, hazırda regiona ən yaxın Nato üzvü olan Türkiyə dövlətinin cənubi Qafqazda güclənməsinə önəm veriləcək. Regionda yeni reallıq yaradan Azərbaycan tərəfinin də maraqlarına uyğun olan bu məqam şimal qonşumuzu narahat etməyə bilməz. Düşünürəm ki, bu Qərbin regionla bağlı gələcək planlarına qarşı Rusiya tərəfinin mesaj xarakterli addımı da ola bilər.

Xəyal Bəşirov-siyasi şərhçi

Oxşar xəbərlər
SON XƏBƏRLƏR