Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Ermənistanın Qarabağ klanı üzvlərinə yeni sürprizlər hazırlayır



Newscenter.az.25.02.2021. 44 günlük müharibədən sonra məntiqi olaraq Ermənistanda hazırki siyasi təlatümlərin olacağı gözlənilən idi. Çünki,istənilən müharibədən sonra məğlub dövlətlərdəki hakimiyyətlərin dəyişilməsi bir zərurətə çevrilir. Sadəcə nə qədər paradoksal olsa da hələ ki, Ermənistanda Paşinyan hakimiyyəti dirəniş göstərir. Əslində bunun da məntiqi bir cavabı var. Çünki, Ermənistan əhalisi bu məğlubiyyətin ən böyük payının hazırda Paşinyanı devirmək istəyən Qarabağ klanına aid olduğunu çox yaxşı anlayır.

Təsəvvür edin hazırda Ermənistandakı siyasi müxalifət ümumilikdə elə bir tükənmiş vəziyyətdədir ki, müharibədə uduzan, kapitulyasiya aktına imza atan və özü özlüyündə çox zəif olan Paşinyan hakimiyyətinin laxlaması üçün onun hansısa yanlış bəyanat verməsini gözləyir. Ancaq hesab etmirəm ki, hansısa yanlış bəyanatla Ermənistanda hakimiyyət dəyişikliyi baş versin və xüsusilə də, bütün daxili və xarici siyasi resursları tükənmiş hazırki revanşist müxalif quvvələr iqtidara gələ bilsin!

Rusiyanın antirus bəyanatlara görə Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasında maraqlı olacağı ilə bağlı fikirlərə gəlincə isə, buna da heç bir ehtimal vermirəm. Çünki, Rusiya ilə Qərbin Ermənistanda Paşinyanın hakimiyyətdə qalması ilə bağlı razılaşdıqları çoxdan hiss olunmaqdadır. Ən az, müəyyən müddətə bu belə davam edəcək. Məhz, elə buna görədir ki, Paşinyanda arxayınçılıq və özgüvən hiss olunmaqdadır.

Bundan başqa 10 noyabr tarixli bəyanatın imzalanmasında iştirak və vasitəçilik edən, regionda sülh prosesinin təminatını öz üzərinə götürən Rusiya üçün bu cür qeyri-ciddi bəyanatlar o qədər də əhəmiyyət kəsb etmir. Rusiya Prezidenti Putinin Köçəryanla şəxsi münasibətlərini irəli sürənlər var, ancaq onlar unudurlar ki, şəxsi maraqlardan daha öndə dövlət maraqları var ki, həmin maraqlar hazırda tam başqa şərtləri diktə edir. Sadəcə, erməni müxalifəti Moskvanın siyasi dəstəyindən məhrum olduğuna görə bu cür əsassız və Ermənistandakı ictimai rəyi aldatmağa hesablanmış fikirlər səsləndirir.

Bundan başqa Ermənistan müxalifəti də yaxşı bilir ki, İrəvandakı iğtişaşlar uzun müddət davam edə bilməz. Zaman daraldıqca həm insanlardakı çox kiçik inam ölür, həm də baş verənlərə hakimiyyətin qəti reaksiyası reallaşır. Bu günə qədər müxalifətin atdığı addımlara heç bir əhəmiyyətli reaksiya göstərməyən Paşinyan böyük ehtimal ki, müxalifətə böyük sürpriz hazırlayır. Hesab edirəm ki, bu geniş miqyaslı həbslərdən ibarət sürpriz də ola bilər.

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş