Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır



Newscenter.az.10.05.2021. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı miras qoyub. Ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.

Ulu öndər Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır. Ulu öndər Heydər Əliyev hələ Azərbaycana ilk rəhbərliyi dövründə respublikamızın sənayesini, kənd təsərrüfatını, yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirmişdi, canlandırmışdı. Ulu Öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdı. Bu səbəbdən idi ki, xalq 1993-cü ildə hakimiyyəti zorla zəbt etmiş AXC-Müsavat cütlüyünü qovaraq Ümummilli Lideri hakimiyyətə dəvət etdi. Beləliklə də, ulu öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesinə start verildi. Bu mənada, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başladı.

Ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Dövlətin maraqları və müstəqillik ulu öndər Heydər Əliyevin siyasətində hər zaman mütləq prioritet kimi çıxış edib. 1993-2003-cü illər ölkənin inkişafında həlledici illər olub. Çünki bu illərdə dövlətçiliyin əsasları qoyulub, Konstitusiya qəbul edilib, AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilən senzura ləğv edilib, siyasi islahatlara start verilib, çoxpartiyalı sistem yaranıb. Bu baxımdan, Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları hər zaman xalq tərəfindən yüksək qiymətləndirilib və dəstəklənib.

Ulu öndər Heydər Əliyev xalqımız üçün Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi liderdir. Bu səbəbdən də, bu gün ümummilli lider Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş