Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək

Azərbaycanda elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək


Newscenter.az.10.12.2018. Prezident İlham Əliyev Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, son illər Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilib. Bununla yanaşı, müasir dövrün çağırışları yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması ilə əlaqədar vahid dövlət siyasətinin gerçəkləşdirilməsində, elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi, qiymətləndirilmə və proqnozlaşdırılma mexanizmlərinin təkmilləşdirilməsi və səmərəli istifadəsində qabaqcıl beynəlxalq təcrübənin, yeni idarəetmə modelləri və innovativ həllərin tətbiqini zəruri edir.

Bu istiqamətdə elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında ölkə üzrə informasiya resurslarının müasir texnologiyalar əsasında formalaşdırılması, vahid elektron informasiya sisteminin yaradılması, elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılmasında elektron hesabat formalarının, elmmetrik və ekspert yanaşmalarına əsaslanan metodika və meyarların hazırlanması, həmçinin elm sahəsində diaqnostik təhlillərin gücləndirilməsi məsələləri mühüm əhəmiyyətə malikdir.

Sərəncam Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasının təkmilləşdirilməsi və elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi məqsədi ilə imzalanıb.

Sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına iki ay müddətində Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, tabeliyində elm və təhsil müəssisələri olan qurumların təkliflərini nəzərə almaqla, elmi dərəcə və elmi adların verilməsi qaydalarının, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, elmi tədqiqatlar haqqında məlumat bazasının yaradılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, eləcə də analitik, statistik təhlillərin və hesabatların keyfiyyətinin yaxşılaşdırılması üçün vahid elektron məlumat sisteminin yaradılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Prezident yanında Ali Attestasiya Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Xəbəri paylaş