Newscenter.az.25.12.2018. Azərbaycan Kung-Fu Federasiyasının və “ALTİS” Şirkətlər Qrupunun birgə təşkilatçılğı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş Kung-Fu üzrə Prezident Kuboku keçirilib.
Newscenter.az xəbər verir ki, 300-ə yaxın idmançının iştirak etdiyi yarışın əsas məqsədi idmançıların peşəkarlıq səviyyəsini artırmaq və bütün dünyada yaşayan azərbaycanlıları idmanın ətrafında birləşdirməkdir. Yarışı açıq elan edən Kung-Fu Federasiyasının prezidenti Nurlan Aslanov ölkəmizdə keçirilən beynəlxalq yarışlarda bayrağımızı ucaldan, himnimizi səsləndirən idmançılarımıza hər zaman diqqət və qayğısını göstərən ölkə başçısı cənab Prezident İlham Əliyevə bütünlüklə idman ictimaiyyəti adından minnətdarlığını bildirib.
Nurlan Aslanov Cənab Prezidentin apardığı idman siyasətində, idman hərəkatının güclənməsində var gücləri ilə çalışdıqlarını, onun ətrafında sıx birləşdiyini diqqətə çatdırıb. Çıxış edənlər Federasiyanın vitse prezidenti Orxan Qəribov, iş adamı Kamal Heydərov ölkə rəhbəri cənab İlham Əliyevin apardığı idman siyasətinə dəstək verdikləri üçün qürur duyduqlarını, idmançılara hər zaman dəstək verməyə hazır olduqlarını ifadə ediblər. Peşəkar döyüşlərin baş tutduğu Qala Gecəsində 14 çəki dərəcəsində güclərini sınayan idmançılar Prezident Kubokuna və Fəxri diplomlara layiq görülüblər.