Newscenter.az.27.12.2018. Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədov həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Newscenter.az-ın xəbərinə görə, təbrikdə qeyd edilir ki, Xalqımızın ən sevimli bayramlarından biri – hər il dekabrın 31-də qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəylik Günü yaxınlaşmaqdadır. Bu gün dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq bütün azərbaycanlıların birlik və bərabərlik bayramıdır.
31 dekabr eyni zamanda hər bir soydaşımız üçün millətimizin tarixi kökləri, ənənələri haqqında bir daha düşünmək, birliyin önəmini dərk etmək fürsətidir. Bu möhtəşəm günü bayram edərkən biz bir daha əmin oluruq ki, 60 milyonluq Azərbaycan xalqının əsas gücü birlik və bərabərlikdədir. Birlik əldə etmədən biz müstəqil Azərbaycanın təhlükəsizliyini effektiv təmin edə, ölkədən kənarda yaşayan soydaşlarımızın hüquq və maraqlarını lazımınca qoruya bilmərik. Bu səbəbdən Dünya Azərbaycanlılarının Həmrəylik Günü indiki və gələcək nəsillərə Vətən, millət anlayışını, dəyərlərimizə sahib çıxmağı aşılamaq baxımından son dərəcə böyük önəm daşımaqdadır.
Xalqımızın böyük bayramı olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə bizim hər birimiz milli qürur və fəxarət hiss yaşayırıq. Çünki məhz bu bayram bizi bütöv Azərbaycan ideyası ətrafında birləşdirir. 31 dekabr bu mənada doğma Vətəndən kənarda yaşayan soydaşlarımız üçün xüsusilə anlamlıdır.
Böyük qürur hissi ilə vurğulamaq istəyirəm ki, artıq 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi minillik tariximizə söykənən Novruz Bayramından sonra xalqımızın ən kütləvi, ən sevilən bayramına çevrilib. Təsadüfi deyil ki, həmin gün qəlbi Azərbaycanla döyünən hər bir soydaşımızın evlərini üçrəngli müqəddəs bayrağımız bəzəyir, böyük coşğu ilə keçirilən bayram yeni il qutlamalarını da kölgədə qoyur.
Şəxsən öz adımdan, eləcə də Dünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlılarının Mədəniyyət Fondu adından bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm!
Hər birinizə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, rifah, başladığınız hər bir işdə böyük uğurlar arzulayıram. Ocaqlarınızdan sevgi, səadət, mehribanlıq, qəlblərinizdən fərəh əskik olmasın! Qoy sizin qəlbləriniz uzun illər əziz Vətənimizə böyük sevgi və sədaqətlə döyünsün.
Bütün həmvətənlərimizə xeyir və uğur, iş dünyasında, elmdə, siyasətdə, mədəniyyətdə, ədəbiyyatda, incəsənətdə, idmanda, bütünlükdə çağdaş insanlığın məşğul olduğu bütün sahələrdə yeni zirvələr fəth etməyi arzulayıram.
Arzu edirəm ki, qarşıdan gələn 2019-cu il sizə yalnız və yalnız sevinc, şadlıq, rufah, barış və uğurlar gətirsin.
Müqəddəs Vətənimiz Azərbaycan daim çiçəklənsin, tezliklə ərazi bütövlüyümüzü təmin edə, dövlətçiliyimizi və bağımsızlığımızı daha da gücləndirə bilək. Qoy qüdrətli Azərbaycan Respublikası əbədi yaşasın, üçrəngli bayrağımız daim ucalarda dalğalansın!
Bayramınız mübarək!