Newscenter.az.7.01.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tələbələrə və onların valideynlərinə müraciət ünvanlayıb. Təhsil ocağından Newscenter.az-a daxil olan müraciətdə bildirilir ki, 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi məqsədilə təhsil müəssisəsində imtahan qərargahının yaradılması, bu qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılması üçün lazımi tədbirlər görülüb. Eyni zamanda, imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyət nümayəndələrinin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
Müraciətdə qeyd olunur ki, sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanı, kafedra müdirləri qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. İnstitutun binasında müraciət və təklif qutuları asılıb. Bununla yanaşı, İnstitut rəhbərliyi imtahan prosesini müşahidə edəcək və tapşırıqlarını verəcək.
Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “açıq qapı” günləri keçiriləcək.
İmtahanların ictimaiyyətə açıq təşkil olunduğunuvurğulayan C. Məmmədov sessiyaya nəzarətin aparıcı təhsil ekspertlərindən, qeyri-hökumət təşkilatlarından, media nümayəndələri və tələbədən ibarət İctimai Nəzarət Şurası tərəfindən həyata keçirildiyini bildirib.