Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan nümayəndə heyətinin Mersin səfəri başa çatdı

Azərbaycan nümayəndə heyətinin Mersin səfəri başa çatdı


Newscenter.az.7.01.2019. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis olunmuş Hərbçiləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin rəhbərliyi ilə hərbiyönümlü qeyri-hökumət təşkilatları, Qarabağ müharibəsi veteranları və media təmsilçilərindən ibarət nümayəndə heyətimizin Türkiyənin Mersin şəhərinə səfəri çərçivəsində yeni görüşlər keçirilib.

Newscenter.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Mersində yerləşən Aralıq dənizi Bölüyü və Qarnizon Komandanlığında keçirilən görüşdə nümayəndə heyəti üzvlərini, Türkiyə Müharib Qazilər Dərnəyinin (Müharibə Veteranları Birliyi) rəhbərliyini qarnizon komandanı, admiral Öndər Gürbüz qəbul edib.

Ö.Gürbüz Azərbaycan nümayəndələrini, eləcə də türkiyəli müharibə veteranlarını hərbi hissədə görməkdən, salamlamaqdan böyük sevinc hissi duyduğunu bildirərək komandanı olduğu hərbi hissənin fəaliyyəti, missiyası və imkanları haqqında ətraflı məlumat verib.

O, Azərbaycan-Türkiyə dostluq, qardaşlıq əlaqələrinin digərlərində olduğu kimi, hərbi sahədə, o cümlədən, hərbi dəniz qüvvələrinin inkişafı istiqamətində uğurla davam etdirildiyini bildirib.

Səmimi qəbul üçün admirala təşəkkür edən E.Həsənli burada gördükləri mənzərədən böyük qürur hissi keçirdiklərini, Türkiyənin hər istiqamətdə olduğu kimi, Aralıq dənizində də üstün donanmaya malik olmasının məmnunluq yaradan hal olduğunu diqqətə çatdırıb.

Azərbaycanın da Xəzər dənizi hövzəsində üstün hərbi gücə, inkişaf etmiş donanmaya malik olduğunu deyən nümayəndə heyətinin rəhbəri bütün manelərə, çətinliklərə baxmayaraq hər iki qardaş ölkənin bu yöndə ciddi nailiyyətlər əldə etməkdə olduğunu vurğulayıb.

Qarnizon ərazisində hərbi hissəyə məxsus nümunəvi hərbi gəmilərdən biri ilə tanışlıq zamanı gəmi heyətilə səmimi söhbət edən nümayəndə heyəti üzvləri burada gördükləri ürəkaçan mənzərənin, gəmi heyətinin ruh yüksəkliyinin böyük sevinc hissi doğurduğunu qeyd ediblər.

Türkiyə Hərbi Dəniz Donanması ilə bağlı digər ziyarət tarixi baxımdan xüsusi əhəmiyyət daşıyan, məşhur Çanaqqala müharibəsinin gedişatını dəyişməsinə yol açan "Nüsrət" minadaşıyan istehkam gəmisi ilə tanışlıq olub.

Qeyd edək ki, sözügedən gəmi xidmət müddətini başa vurduqdan sonra çürüyüb məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ancaq hazırda Mersin Böyükşəhər Bələdiyyəsinin başqanı olan, o zamansa Tarsus Bələdiyyəsinə rəhbərlik edən Bürhanəddin Kocamazın təşəbbüsü və birbaşa dəstəyi ilə "Nüsrət" gəmisi alınaraq bura gətirilib, təmir edilərək həm turistik, həm də tarixi baxımdan vacib eksponat halına salınıb.

Öz missiyasını bu şəkildə davam etdirən gəminin istər Türkiyə, istər dünya tarixində özünəməxsus rolu olduğunu deyən bələdçi Azərbaycan nümayəndə heyətini burada görməkdən məmnun olduğunu da dilə gətirib.

Azərbaycan nümayəndə heyətinin Mersində növbəti görüşü bu vilayətin Toroslar rayonunun bələdiyyə başqanı Hamid Tuna ilə olub.

H.Tuna Azərbaycanlı heyətə rayon və bələdiyyə haqqında ətraflı məlumat verib. Azərbaycanın Yevlax şəhəri ilə qardaşlaşmış olduqlarını dilə gətirib.

E.Həsənli qəbul üçün bələdiyyə başqanına təşəkkür edib, yaxınlaşan seçkilərdə Mersin Böyükşəhər Bələdiyyə başqanlığına namizəd olan H.Tunaya uğurlar arzulayıb.

Sonra nümayəndə heyəti üzvlərinə bələdiyyə başqanı adından ziyafət verilib və qarşılıqlı hədiyyələr təqdim edilib.

Heyət bələdiyyə ərazisində fəaliyyət göstərən bir sıra qurumların rəhbərlərilə də görüşüb.

Daha sonra Azərbaycan nümayəndə heyəti Mersinin Silifke və Ərdəmli rayonlarında olub, buradakı mühüm tarixi abidələri, görməli yerləri gəzib, turistik baxımdan məşhur yerlərə baş çəkib, dini-mənəvi dəyər daşıyan yerləri ziyarət ediblər.

Azərbaycan nümayəndə heyətinin Mersin şəhərindəki yekun görüşü Türkiyə Müharib Qazilər Dərnəyinin Mersin şöbəsində baş tutub.

Görüşdə dərnəyin ümumtürkiyə başqanı və yerli şöbənin fəalları ilə keçirilən görüşdə çıxış edənlər əməkdaşlığın yeni mərhələsində bir sıra tədbirlərin həyata keçirilməsində qərarlılıqlarını, bu cür görüşlərin Azərbaycan və Türkiyə ictimai mühitinə mühüm təsirlərinin olduğunu, eləcə də proseslərdə birgə iştirakın daha çox səmərə gətirdiyini qeyd ediblər.

Azərbaycan nümayəndə heyəti ilə vidalaşmağın onlara duyğulu anlar yaşatdığını deyən Türkiyə Müharib Qazilər Dərnəyinin Türkiyə başqanı Şükrü Tandoğan, dərnəyin Mersin şöbəsinin rəhbəri Kamal Cındız nümayəndə heyətini Bakıda, İstanbulda, Mersində, Ankarada görüşmək arzusuyla vətənə yola saldıqlarını deyiblər.

Qonaqpərvərliyə, səmimi, həssas münasibətə görə türkiyəli həmkarlarına təşəkkürünü çatdıran E.Həsənli əməkdaşlığın davam edəcəyinə, bu sahədə yeni nailiyyətlərin qazanılacağına inandığını vurğulayıb.

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.
Azərbaycan nümayəndə heyətinin Mersin səfəri başa çatdı
Xəbəri paylaş