Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xərçəng xəstəliyi niyə cavanlaşır?

Xərçəng xəstəliyi niyə cavanlaşır?


Newscenter.az.8.02.2019. Müasir insanı narahat edən əsas xəstəliklərdən biri də mədə-bağırsaq problemləri ilə bağlıdır. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri Xaləddin Musayev deyir ki, onlara müraciət edən xəstələrin təxminən 80 faizinin əsas şikayəti məhz mədə-bağırsaq traktındakı ishal və ya qəbizliklə əlaqəli olur. Bu isə çox vaxt ağır xəstəliklərə, hətta xərçəngə də gətirib çıxarır.

Professor X.Musayev bildirir ki, bəzən xəstələr müəyyən xəstəliklər ucbatından öd kisəsindən, mədəsindən əmliyyat keçirsə də, əsas patologiya qalır. Ona görə də xəstələrin əksəriyyəti tam sağalmır. Qəbzlik yaranır, həftədə bir dəfə defekasiya olanda isə orqanizmdə yığılıb qalan toksinlər intoksikasiyaya səbəb olur.

-Bu zəhərlənmə özünü necə göstərir?

-Bu zaman ürəkbulanma, zəiflik, qusma, halsızlıq müşahidə olunur. İntoksikasiya həm də bədəndə səpkilər yaradır. Bu zaman xəstələr dəri-zöhrəvi həkiminə, allerqoloqa gedirlər, amma müaicənin effekti olmur. Sonradan əsl səbəbin mədə-bağırsaq fonundakı pozulmalarla əlaqəli olduğu bəlli olur.

Bağırsağın uzanması, və ya bağırsaqda kron xəstəliyi, yoğun bağırsaqdakı kolitlər və s. defekasiyanın normal gedişini əngəlləyir. İkinci səbəb insanın psixi-emosional durumu ilə bağlıdır. Bu hala xüsusilə gənclər arasında rast gəlinir. Məsələn, qəbul imtahanlarına hazırlaşan gənclər gərgin olur, kurslara, repetitor yanına gedir və normal qidalanması pozulur. Bu da qəbzlik yaradır.

-Yeniyetmə və gənclərdə qəbzlik nə ilə təhlükəlidi?


-Elə uşaqlar var ki, 5-6 ildir bu rejimlə yaşayır. Deyir ki, dərsdən çıxıb dönə yeyirəm, üstündən də hazır şirələrdən içir və axşama qədər başqa heç nə qəbul etmir. Siz təsəvvür edin, evdə təmiz meyvələrdən çəkdiyimiz şirə bir neçə saat ərzində xarab olur. Mağazalardakı şirələr isə aylarla qalır. Bu şirələrin çox qalması üçün istifadə olunan maddələr orqanizm tərəfindən sovrulmur və birbaşa yoğun bağırsağa gəlib çatır.

Hər bir orqanizmdə ümumi ansambla tabe olmayan 10-15 faiz atipik hüceyrələr olur. Məhz bu hüceyrələr orqanizmə düşən belə zərərli maddələrlə “dostlaşır” və inkişaf etməyə başlayır. Sanki orqanizmin içində avtonomiya yaranır. Təəssüf ki, bunlar da inkişaf etdikcə, xərçəng hüceyrələri yaradırlar. Bu da son nəticədə orqanizmin bu və ya digər hissəsində xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Ona görə də xərçəng xəstəliyi daha çox cavanlaşır. Bizə müraciət edənlərin az qala üçündən biri gənc nəslin nümayəndəsidir.

-Vaxtında müayinə bu problemlərin qarşısını almağa nə dərəcədə kömək edir?


-Durumun bu hala gəlib çıxmasında xəstələrin öz günahı da çox olur. Məsələn, bəzən belə xəstələrimiz olur ki, onlara dəqiq diaqnoz qoyulması üçün mütləq qastroskopiyaya ehtiyac olur. Amma xəstələr “şlanq udmaqdan” imtina edirlər. Və ya kolonoskopiyaya razı olmurlar. Bu yaxınlarda qarın ağrıları olan, qanla defekasiyaya gedən, zəifləyən bir gənc gəlin yoxlanmaqdan imtina etdi. Ailəsi dedi ki, xanıma sadəcə bərk soyuq dəyib. İki aydan sonra onu artıq xərəkdə gətirdilər. Anemiya və qanaxma ilə bizə müraciət edən bu xanımda artıq kron xəstəliyinin olduğu aşkarlandı. Əgər vaxtında müayinə olunsaydı, müalicə ilə bu vəziyyəti önləmək olardı. İndi isə onu təcili əməliyyata saldıq. Yoğun bağırsaq sanki bir əski parçasına dönmüşdü, qapqara qaralmışdı. Bir qədər də keçsəydi, perfarasiya olunmalıdı. İndi bu gənc ömürlük illostoma ilə yaşayacaq, yəni böyründən çıxan bağırsaqla.

-Belə hallarda əməliyyat müsbət nəticə verirmi?

-Bəzən əməliyyat mütləq göstərişdir. Amma hər bir əməliyyatın fəsadları ola bilər. Məsələn, bağırsağı işləməyən 34 yaşlı bir xanım pasiyentdən kolonoskopiya zamanı 12-13 litrə yaxın bağırsaq möhtəviyyatı boşaldıldı. Xəstə əməliyyata razı olmadı. Amma bir müddət sonra qarnı həddən artıq köpmüş formada yenidən bizə müraciət etdi. Sanki hamiləydi,kəskin bağırsaq keçməzliyi inkişaf etmişdi. Əməliyyat uğurla keçsə də, sonradan fəsad ortaya çıxdı, tromboz yarandı. Biz əməliyyatdan öncə xəstələrə belə halların ola biləcəyi haqda xəbərdarlıq edirik. Bu kimi hallar istər xəstə, istərsə də həkim üçün xoşagəlməz haldır.

Ona görə də həkimə vaxtında müraciət etmək lazımdır, vəziyyətin ağırlaşmasını gözləmək lazım deyil
Xəbəri paylaş