Newscenter.az.18.02.2019. Milli Hüquq Evində Azərbaycançılıq məfkurəsi ilə bağlı “Azərbaycançılıq məfkurəsi- Qarabağın nicatı” mövzusunda dəyirmi masa keçirilib. Newscenter.az-a daxil olan məlumata görə, tədbir Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan koordinatorluğu və Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan üzrə rəhbəri Nicat Gözəlov azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsi barədə fikirlərini qeyd edib. Daha sonra o, milli şüurun, milli təfəkkürün inkişafı ilə bağlı fikirlərini bölüşüb. Nicat Gözəlov, bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində cəmiyyətin hər bir üzvünün üzərinə çox mühüm vəzifələr düşdüyünü vurğulayıb.
Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının sədri Limunət Əmrahlı, bu gün hər bir azərbaycanlı üçün ən önəmlisi, ən vacib olanı Qarabağı, erməni işğalında olan torpaqları azad etmək olduğunu qeyd edib.
Dəyirmi masada erməni vandalizmini araşdıran tarixçi alim Xaqani İsmayıl, Məzahir Məmmədli, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mübariz Əhmədov, digər ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.