Newscenter.az.5.04.2019. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Laqodexi rayonuna səfər edib.
Dövlət Komitəsinin sədri öncə Laqodexi bələdiyyəsinin nümayəndələrinin müşayiətilə Qabal kəndində fəaliyyət göstərən İctimai Mərkəzlə tanış olub.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, F.Muradovun kənd sakinləri olan azərbaycanlılarla görüşündə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi nazirinin müşaviri Ayaz Məmmədov, Xarici İşlər Nazirliyinin Diasporla İş üzrə Departamentinin attaşesi Tamar Tevdoradze, Gürcüstan parlamentinin Laqodexi və Kvareli bələdiyyələri üzrə deputat Quram Macaraşvili, Kaxeti bölgəsinin qubernator müavini İrakli Şioşvili, Laqodexi bələdiyyəsinin meri Condo Mdinişvili, Laqodexi bələdiyyəsinin sədri Karlo Camburiya, Laqodexi bələdiyyə merinin Qabal inzibati ərazi vahidi üzrə nümayəndəsi Namaz Allahverdi, Laqodexi bələdiyyəsinin Qabal kənd üzrə bələdiyyə üzvü Amil Niyazov iştirak ediblər.
Öncə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
F.Muradov bildirib ki, azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, həmin dövlətin möhkəmləndirilməsində yaxından iştirak edirlər: “Gürcüstanda yaşayan azərbaycanlılar bu dövlətə sadiq və vətənpərvərdirlər. Azərbaycanlılar və gürcülər arasında heç zaman heç bir problem olmayıb. Müəyyən qüvvələr dost və qardaş xalqların arasındakı münasibətlərə xələl gətirməyə cəhd etsələr də, onların bütün cəhdləri uğursuzluqla nəticələnir”.
Dövlət Komitəsinin sədri Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası və sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihə və tədbirlərdən də söz açıb.
Qabal sakinləri kənddə onları narahat edən problem və qayğılardan söz açıblar. Çıxış edənlər Azərbaycanla sərhəddə üzləşdikləri narahatlıqlar, kənddə idman zalının olmaması, torpaq sahələrinin qeydiyyatı, uşaq bağçası və məktəblərlə bağlı problemləri diqqətə çatdırıblar. Ziyalılar Kaxeti bölgəsində azərbaycanlıların mədəniyyət mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər.
F.Muradov bildirib ki, rəhbərlik etdiyi qurum bu məsələlərin həlli istiqamətində gürcüstanlı həmkarlarla birgə işləməyə hazırdır.
Dövlət Komitəsinin adından Qabal kənd məktəbinə noutbuklar, Gəncəli kənd məktəbinə isə Azərbaycanın milli rəqs paltarları hədiyyə edilib.
Daha sonra Azərbaycan nümayəndə heyəti Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalına səfər edib.
Qaraçöp mahalının yerli sakinləri ilə görüşü zamanı Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun gördüyü işlərdən və həyata keçirdiyi layihələrdən danışıb. O, bildirib ki, Qaraçöpə gəlişi azərbaycanlıların qayğı və problemlərini yaxından öyrənmək, onların həlli istiqamətində gürcüstanlı həmkarları ilə birgə fəaliyyət göstərməkdir.
Fuad Muradov bildirib ki, Azərbaycan və Gürcüstan arasında birgə ali məktəbin yaradılması istiqamətində müzakirələr aparılır və bu məsələ Gürcüstana səfəri çərçivəsində keçirdiyi rəsmi görüşlərdə nəzərdən keçirilib: "Bir çox ölkələrdə birgə universitet təsis etməklə bağlı təcrübə var. Gürcüstanda təhsil sahəsində islahatlar həyata keçirilir. İnanıram ki, Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılmasına dair danışıqlar müsbət nəticələnəcək".
Muğanlı kənd məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, pedaqoji elmlər namizədi Fərhad Xubanov, Tüllər kənd məktəbinn kimya müəllimi Ağabala Xeyirxəbərov, Qazlar kənd məktəbinin biologiya müəllimi İsmixan Rəhimov çıxış ediblər.
Tədbirdə Azərbaycanın Gürcüstanndakı səfiri Dursun Həsənov, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi nazirinin müşaviri Ayaz Məmmədov, Xarici İşlər Nazirliyinin Diasporla İş üzrə Departamentinin attaşesi Tamar Tevdoradze, Kaxeti qubernatorunun birinci müavini İrakli Şiolaşvili, Saqareco meri Qiorqi Erboconaşvili, merin müavinleri Lekso Gilaşvili, Şota Kakabadze, meriyanın əməkdaşları Arcil Cabadari, Kaxaber Marqabadze, Nika Diqmelaşvili, Saqareco merinin Qaraçöp üzrə nümayəndəsi Natiq Rəsulov, onun müavini Qulu Hacıyev və digər şəxslər iştirak ediblər.