Newscenter.az.8.04.2019. Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli 1-ci kurs tələbələri ilə növbəti dəfə qeyri-rəsmi formatda görüşüb.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, səmimi söhbət formatında keçirilən görüşdə rektor Gəray Gəraybəyli tələbələrin müxtəlif məsələlərlə bağlı fikirlərini öyrənib. Qeyd olunub ki, görüşün əsas məqsədi tələbələrin istəkləri, unviersitet rəhbərliyindən gözləntiləri ilə tanış olmaq, bəzi məsələlərin dərhal həllinə nail olmaqdır. Rektor tələbələrin təhsil-tədris prosesi, müəllimlərlə münasibət, yataqxanalardakı şərait, dərsliklərlə təminat və s. kimi mövzularda fikirlərini soruşub.
Universitet rəhbərliyi, prorektor və fakültə dekanlarının da iştirak etdiyi görüşdə tələbələr tədris prosesində rast gəlinən problemlərdən danışıblar. ATU tələbələri bəzi məsələlərin həlli üçün təkliflər irəli sürüblər. Universitet nəzdində “Tələbə kafesi”nin yaradılması, universitet şəhərciyində tələbələrin asudə vaxtını keçirməsi, dincələ bilməsi üçün parkın salınmasını təklif ediblər.
Görüş iştirakçıları tələbələr üçün tibbi sığortanın təşkili, universitetin binasının fasadının müasir formada təmiri barədə arzularını bildiriblər. Tələbələr bəzi kefadralar tərəfindən təqdim olunan dərsliklərin sayının artırılmasına ehtiyac olduğunu da qeyd ediblər.
Birinci kurs təmsilçiləri ATU-nun xarici əlaqələrinin genişləndirilməsinin onlar üçün yeni imkanlar açdığı qeyd edərək beynəlxalq proqramlarının arıtırlması ilə bağlı fikirlərini çatdırıblar. Onlar son zamanlar ATU-da keçirilən tədbirlərin formatının daha maraqlı və müasir olmasından razılıqlarını bildiriblər.
Rektor Gəray Gəraybəyli və rəhbərlik nümayəndələri tələbələrin təkliflərini diqqətlə dinləyiblər. Bəzi məsələlərin həlli ilə əlaqədar dərhal göstəriş verilib. Rektor G.Gəraybəyli bu cür görüşlərin müntəzəm olaraq keçiriləcəyini bildirib.