Newscenter.az.10.05.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Newscenter.az xəbər verir ki, təhsil müəssisələrində Qələbə Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, müharibə veteranları ilə görüşlər təşkil edilib.
Tədbirlərdə Alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu şagirdlərin diqqətinə çatdırılıb, həmyerlilərimizin döyüş meydanlarında və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan bəhs edilib.
Çıxış edənlər işğal altında olan torpaqlarımızın dövlət başçısının rəhbərliyi ilə azad olunacağına və qələbə bayramının Şuşada, Laçında, Xankəndində, digər tarixi torpaqlarımızda qeyd ediləcəyinə inandıqlarını bildiriblər.
Şagirdlər Böyük Vətən Müharibəsində faşistlərə qarşı qəhrəmanlıqla vuruşan həmyerlilərimizə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Tədbirlərdə II Dünya Müharibəsində azərbaycanlıların qəhrəmanlığından bəhs edən sənədli və bədii filmlər təqdim olunub.
R.Mehdiyeva