Newscenter.az.20.05.2019. Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.
Newscenter.az xəbər verir ki, V Respublika fənn müsabiqələrinin birinci mərhələsində Bakı şəhəri ümumi təhsil müəssisələrindən 9000-ə yaxın şagird iştirak edib.
Müsabiqədə VI sinif şagirdləri riyaziyyat, informatika fənləri, VII sinif şagirdləri isə fizika, kimya, biologiya fənləri üzrə biliklərini nümayiş etdiriblər.
Fənn müsabiqələrinin ilkin mərhələsində şagirdlərə fənlər üzrə məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən suallar təqdim edilib. 50 sualın cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib.
Müsabiqənin birinci mərhələsi paytaxt üzrə 17 mərkəzdə təşkil olunub. Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər növbəti turda seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması vəbeynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
R.Mehdiyeva