Newscenter.az.21.05.2019. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı rayon Qarayevkənd kənd məscidi dini icması tərəfindən Saatlı rayon Qarayevkənd kənd məscidində iftar süfrəsi verilib. Newscenter.az-a Dini Qurumlarıa İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə müşaviri professor Kamil Günəş, Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov, dini icma sədrləri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov açaraq, iftar süfrəsinə təşrif gətirənlərə xoş arzularını bildirib, onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. O, Ramazan ayının dini və sosial mahiyyətindən danışaraq, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd edib.
Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə müşaviri professor Kamil Günəş çıxış edərək, on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışıb. O, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açaraq, Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirib.