Newscenter.az.31.05.2019. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən həyata keçirilən “Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadları haqqında maarifləndirilmə işlərinin aparılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbində tədbir təşkil olunub.
Newscenter.az–a daxil olan məlumata görə, tədbirlərdə ölkədəki vəziyyətlə bağlı geniş təqdimatla çıxış edən Ofisin rəhbər müavini, ekspert Leyla Yolçiyevanın sözlərinə görə ictimai-tərbiyəvi əhəmiyyətli belə tədbirlərin davamlı və ardıcıl şəkildə həyata keçirilməsi cəmiyyətdə, xüsusilə gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqla yanaşı, bu istiqamətdə hər bir gəncin potensialından istifadə etməklə mübarizəni daha da gücləndirəcək.
Mövzu ətrafında edilən çıxışlarda ümumbəşəri problem sayılan narkomaniya ilə mübarizədə bu gün Hökumət-QHT əməkdaşlığının daha da inkişaf etdirilməsinin, habelə narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat işlərinin daha da gücləndirilməsi baxımından bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi iştirakçılar tərəfindən xüsusi olaraq qeyd olunub. Ofis tərəfindən bu sahədə maariflənməni daha da gücləndirəcək metodoloji vəsaitlərin iştirakçılara paylanması prosesi həyata keçirilib. Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi narkomaniya ilə mübarizədə daha effektiv yolların axtarılıb tapılmasına dəstək olmaq, yeni yanaşmaların təbliğinin həyata keçirilməsindən ibarətdir.