Newscenter.az.31.05.2019. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində Cəfər Cabbarlı adına kitabxanada “Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması” mövzusunda təlim keçirilib. Newscenter.az xəbər verir ki, təlimdə müxtəlif ali məktəblərdə təhsil alan, o cümlədən, turizm sahəsində işləyən 20 gənc, qonaq qismində isə QHT, KİV və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Təlimçi qismində jurnalist, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlunun çıxış etdiyi təlimdə peşəkar turizm işçilərinin Azərbaycan turizminin təbliği zamanı internetdən, müxtəlif online vasitələrdən istifadədə texniki bacarıq və vərdişlərinin artırılması üsulları izah edilib. Tədbirin sonunda təlimi uğurla bitirmiş iştirakçılar sertifikatla təltif olunublar.
Qeyd edək ki, yuxarıda sözügedən təlimdən başqa, layihə çərçivəsində artıq “Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq”, “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzularında təlimlər keçirilib. Bundan əlavə, turizm sahəsində təhsil alan gənclər və gənc mütəxəssislərin Azərbaycan turizminin təbliği ilə bağlı bilik və araşdırma bacarıqlarını artırmaq üçün Masallıda və İsmayıllıda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlimlərin keçirilməsi, Şuranın dəstəyilə yaradılmış “Yenimedia.info” saytının Azərbaycan turizminin təbliğinə həsr edilmiş məqalələrlə yenilənməsi və təkmilləşdirilməsi, həmçinin “Turizm işçilərinin turizmin təbliğində ideoloji hazırlığı” adlı kitabçanın çapı nəzərdə tutulur.