Newscenter.az.11.06.2019. Xurafat və mövhumat həmişə olmuşdur, olacaqdır...
O cəmiyyətlərdə ki məktəb binalarının çoxluğuna, müəllimlər ordusunun böyüklüyünə baxmayaraq, təhsil yoxdur, orada zəka inkişaf etməyəcək, intellekt söz sahibi olmayacaq, insanları düşüncələri yox, kortəbii inancları idarə edəcəkdir... Xurafat qarşısında intellektin faciəvi məğlubiyyətidir bu... Halbuki insan, hər şeydən əvvəl, ağıllı varlıqdır, homo-erektus deyil, homo-sapiensdir, yəni düşünəndir, qanandır...
O cəmiyyətlərdə ki, din məişət səviyyəsində, əsasən ilahiyyat təhsili olmayan, savadsız, deməli, düşünməyi inanmağından geri qalan, söhbətlərində həqiqətlə xurafatı fərqləndirə bilməyən fiqurlarla təmsil olunur, üstəlik, kütlələr də eşitdiyinə şüurlu münasibət bildirməyi bacarmır, orada din adına baş da kəsəcəklər, Allah adına pir də yaradacaqlar, peyğəmbər, imam namına camaatın cibinə də, pul kisəsinə də əl çəkəcəklər... Məsələ budur ki, belə hallara həmin kütlələr özləri gedirlər, sevə-sevə razı olurlar...
O cəmiyyətdə ki, əhalisinin islama tapınmağına baxmayaraq, hələ də orta məktəblərində islam dininin əsasları, fərdi, sosial həyatda təsirə malik təlimləri öyrədilmir, televiziyalarında insanı düşünən varlığa deyil, küt, qanmaz, beynindən başqa bütün əzaları işləyən bioloji növə çevirən verilişlər göstərilir, xurafat da, mövhumat da qismətimiz olacaq, rasional XXI əsrdə Orta əsr yalanları ilə idarə olunacağıq və bu yalanlar dini həyatımızın, inancımızın ayrılmaz reallığını təşkil edəcəkdir. Televiziyalarında Allahın ramazanının yada düşmədiyi bir cəmiyyətdə belə şeylərin olmağı təbiidir...
O cəmiyyətlərdə ki din ibadət, əxlaq və sosial məsələlərə köklənən məzmunda öyrədilmir, əsas diqqət tabulaşdırılmış anlayış və hekayələrə verilir, Allah-insan, insan-insan münasibətləri Quran dünyagörüşü və Peyğəmbər təcrübəsindən kənar format əsasında tənzimlənir, orada dinin istənilən şəkildə təhrifi, subyektiv yanaşmaların, xurafatın din adı ilə cəmiyyətə təqdim edilməsi mümkündür...
O cəmiyyətlərdə ki din gəlir, pul mənbəyinə çevrilib, orada pul gətirən anlayışlar (ölüyə Quran oxuma...), təsisatlar (pirlərin, ziyarətgahların...) “müqəddəs toxunulmazlar” halına gəlir, onlar haqqında danışmaq islama, Qurana, peyğəmbərə qarşı çıxmaq hesab olunur, bu barədə sağlam fikir irəli sürənlər müxtəlif adlarla damğalanır...
O cəmiyyətlərdə ki dini təmsil edən, dindar kütlələrə xitab edə biləcək nüfuzu olan əsas fiqurlar xurafat və mövhumat, din adına cəmiyyətə zərər vuran, pulun şərtləndirdiyi hallar qarşısında müəyyən səbəblərdən susurlar, orada həmin halların qanuniləşməsi prosesinə rast gəlinəcəkdir...
O cəmiyyətlərdə ki mövhumatla mübarizədə sərt və inzibati üsullara müraciət olunur, xurafat və mövhumatla mübarizə təhqir və ümumiləşdirmə ilə müşayiət olunur, orada “antipodlaşma” qaydası işləyir, xurafat və mövhumata “məzlum”, “boynubükük” status kəsb etdirilməklə legitimlik qazandırılır...
İnsan nə vaxt xurafata inanır?
Düşünməyi bacarmadıqda...
Həmin xurafat və mövhumatın din olduğuna inandıqda...
Bəs nə vaxt buna inanmağa başlayır? Gözünü açıb hər kəsin buna inandığını, din təmsilçilərinin həmin xurafatın din kimi təqdim etdiyini gördükdə, ən əsası, etibar etdiyi ilahiyyatçıların müəyyən səbəbə görə susduğunun şahidi olduqda...
Bəs nə edək?
Nəticə ilə məşğul olmaq əvəzinə, səbəbə diqqət yetirmək lazımdır. Hər şeydən əvvəl islam dini sağlam şəkildə bu ölkənin övladlarına, xüsusən gələcəyimizin qarantı olan uşaqlarımıza uşaq bağçalarında, orta məktəblərdə öyrədilməli, ali məktəb proqramlarına dində Allah-insan, insan-insan, ibadət fəlsəfəsi, dua və əmək münasibətləri kimi mövzulardan bəhs edən fənn daxil edilməli, televiziyalarımız maarifləndirici verilişlər təqdim etməli, sağlam düşüncəli, inanclı ilahiyyatçı kadrlar yetişdirilməli, paytaxtda və rayonlarda din işləri, maarifləndirmə onlara həvalə edilməlidir.
Bunları etmədən, nəticəyə köklənmək çıxış yolu deyildir. Kiməsə nəyisə qadağan edə bilmərik, insanların seçiminə qarışmaq haqqımız da yoxdur, amma elə edə bilərik ki, düzgün düşünməyi öyrənsinlər, dinlə xurafatı fərqləndirsinlər.
Xurafatla ifadə olunan inancı təhqir etmək, ümumiləşdirmə aparmaq mübarizə vasitəsi deyildir. Kimisə bu inanca görə alçaltmaq, bu hala görə onun dini və məzhəbini təqsirləndirmək yolverilməzdir. Çıxış yolu islamı insanlara olduğu kimi çatdırmaqdır; islamı yaxşı bilən insan xurafatdan uzaq duracaqdır, bunu onun özü edəcəkdir, bizim kənardan müdaxiləmizə ehtiyac qalmayacaqdır...
Müsəlman maarifçilərindən birinin sözü yerinə düşür: “İnsanlar özlərinə əqidələrinə uyğun yararsız komalar tikmişlər. Komalarını başlarına dağıtmayın, haqqı inkar edərlər; əksinə, onlar üçün sağlam əqidədən ibarət geniş saray bina edin; özləri öz əlləri ilə komalarını yıxıb saraya daxil olacaqlar”.
Elvusal Məmmədov
AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, Fəlsəfə üzrə fəlsəfə doktoru