
“Bu gün biz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilərək Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinə xidmət edən enerji siyasəti sahəsində növbəti uğuruna şahidlik etməkdəyik. Belə ki, bu gündən etibarən Azərbaycan təbii qazı Türkiyə ərazisi ilə Suriyaya nəql olunmağa başlayıb. Bu Azərbaycanın enerji ixracı tarixində mühüm mərhələ olmaqla yanaşı, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasının qoyulmasıdır”.
Newscenter.az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın enerji siyasəti son illərdə mühüm beynəlxalq əhəmiyyət qazanıb. “Ölkəmiz həm regionda, həm də qlobal miqyasda enerji ixracatçısı kimi strateji mövqeyini möhkəmləndirib. Enerji siyasəti iqtisadi inkişafın əsas sütunlarından biri olmaqla yanaşı, xarici siyasətdə də mühüm rol oynayır. Bu siyasət neft, təbii qaz və bərpaolunan enerji mənbələrinin şaxələndirilməsinə yönəlib”, - o qeyd edib.
Deputat bildirib ki, Suriyanın digər sahələrdə olduğu kimi, enerji sahəsində üzləşdiyi ciddi çətinliklər fonunda Azərbaycan qazının bu ölkəyə ixracı enerji təhlükəsizliyi ilə yanaşı, ölkədə sabitliyin bərpa olunamsına və inkişafına öz töhfəsini verəcək: "İlkin mərhələdə Azərbaycanın təbii qazının Kilis vasitəsilə Suriyaya gündəlik 6 milyon kubmetr, illik həcmi 1,2 milyard kubmetrə qədər tədarükü nəzərdə tutulur. Bu hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. İki ölkə arasındakı əməkdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaq. Bu, həm də Azərbaycanın qlobal enerji təhlükəsizliyi sahəsində mühüm rol oynamaqla yanaşı, Avrasiya coğrafiyasında ciddi regional oyunçu rolunda çıxış etməsinin, həmçinin beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsinin göstəricisidir”.