Newscenter.az.14.06.2019. 2018-2019-cu tədris ilində I-XI siniflər üçün 338 adda 7,2 milyon nüsxədən artıq dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Bu barədə məlumat Newscenter.az-a Təhsil Nazirliyindən daxil olub.
Bildirilib ki, bu, təhsil tarixində dərslik çapı sahəsində ən yüksək göstərici olub. Yeni fənn kurikulumlarının tətbiq edildiyi XI siniflər üçün yeni dərsliklər hazırlanıb. Beləliklə, I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatıb. Nazirlikdən bildirilib ki, İKT-dən istifadə imkanları genişləndirilib. Belə ki, ümumi təhsil müəssisələrinə 20880 ədəd noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd proyektor verilib, İKT əsaslı infrastrukturun yaradılması işi davam etdirilib.
Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi baxımından ölkə üzrə internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş məktəblərin sayı 2746-ya (62%) çatdırılıb, şəbəkəyə qoşulmuş təhsil müəssisələri bütün şagirdlərin 85 faizini, pedaqoji heyətin isə 73 faizini əhatə edib. Bu müddət ərzində peşə təhsilinin yeni dövlət standartları təsdiq edilib, 81 ixtisas üzrə nəticəyönümlü, modul strukturlu təhsil proqramları (kurikulumlar), 51 modul tədris vəsaiti, 55 yeni dərslik hazırlanıb, 78 modul dərslik isə hazırlanmaqdadır. Peşə təhsili ixtisaslarının siyahısına 20-dən çox yeni ixtisas əlavə edilib və kadr hazırlığına başlanıb.
R.Mehdiyeva